Tərkibində əqli mülkiyyət obyektləri
olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti
Qaydaları haqqında Qərar
Müstəqil Dövlətlər Birliyinin
Hökumət Başçıları Şurası Əqli mülkiyyət sahəsində hüquqpozmaların
qarşısının alınması üzrə əməkdaşlıq barədə 1998-ci il 6 mart tarixli
Sazişin həyata keçirilməsi, tərkibində əqli mülkiyyət obyektləri
olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarətinin
gücləndirilməsi məqsədi ilə qərara aldı:
1. Tərkibində əqli mülkiyyət obyektləri
olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti
Qaydaları təsdiq edilsin (əlavə olunur).
2. Müstəqil Dövlətlər Birliyinin
İqtisadi Şurasına Tərkibində əqli mülkiyyət obyektləri olan malların
gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydalarına,
zərurət yarandıqca dəyişiklik və əlavələr etmək hüququ verilsin.
3. Bu Qərar onu imzalamış dövlətlərin
bütün zəruri prosedurları yerinə yetirmələri barədə üçüncü bildirişin
saxlanılmaq üçün depozitariyə verildiyi gündən qüvvəyə minir.
Zəruri prosedurları sonradan yerinə yetirmiş dövlətlər üçün bu
qərar müvafiq sənədlərin saxlanılmaq üçün depozitariyə verildiyi
gündən qüvvəyə minir.
Moskva şəhərində 2001-ci il sentyabrın
28-də rus dilində, bir əsl nüsxədə imzalanmışdır. Əsl nüsxə Müstəqil
Dövlətlər Birliyinin İcraiyyə Komitəsində saxlanılır; İcraiyyə
Komitəsi bu Qərarın təsdiq edilmiş surətini onu imzalamış hər
bir dövlətə göndərəcəkdir.
Azərbaycan Respublikasının Hökuməti adından
(imza)
Ermənistan Respublikasının Hökuməti adından
(imza)
Belarus Respublikasının Hökuməti adından
(imza)
Gürcüstan Hökuməti adından
(qeyd-şərtlə imzalanmışdır)
Qazaxıstan Respublikasının Hökuməti adından
(imza)
Qırğızıstan Respublikasının Hökuməti adından
(imza)
Moldova Respublikasının Hökuməti adından
(xüsusi rəylə imzalanmışdır)
Rusiya Federasiyasının Hökuməti adından
(imza)
Tacikistan Respublikasının Hökuməti adından
(imza)
Türkmənistan Hökuməti adından
(imzalanmayıb)
Özbəkistan Respublikasının Hökuməti adından
(imza)
Ukrayna Hökuməti adından
(imza)
Tərkibində əqli mülkiyyət
obyektləri olan malların
gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti
Qaydaları haqqında
Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının
2001-ci il 28 sentyabr tarixli Qərarı ilə
təsdiq edilmişdir
Tərkibində əqli mülkiyyət obyektləri
olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti
Qaydaları
1. Əsas anlayışlar
Bu Qaydaların məqsədləri üçün
aşağıdakı anlayışlardan istifadə olunur:
- Tərəflər — Əqli mülkiyyət sahəsində
hüquqpozmaların qarşısının alınması üzrə əməkdaşlıq barədə 1998-ci
il 6 mart tarixli Sazişin iştirakçısı olan dövlətlər;
- kontrafakt mallar — hüquq sahibinin
milli qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozmaqla
yaradılmış və/və ya gömrük sərhədindən keçirilən tərkibində
əqli mülkiyyət obyektləri olan mallar (müəlliflik hüququ və
qarışıq hüquqlar obyektləri, əmtəə nişanları, coğrafi göstəricilər);
- hüquq sahibi — əqli mülkiyyət obyektlərinə
olan hüquqları Tərəflərin milli qanunvericiliyinə uyğun olaraq
qorunan fiziki (hüquqi) şəxs yaxud dövlət;
- buraxılışın dayandırılması — Tərəflərin
gömrük sərhədlərindən keçirilən, kontrafakt mallar olduğu ehtimal
edilən, malların buraxılması haqqında qərarın qəbul edilməsi
müddətinin gömrük orqanları tərəfindən uzadılması;
- tərkibində əqli mülkiyyət obyektləri olan
malların reyestri (bundan sonra — reyestr) — tərkibində
əqli mülkiyyət obyektləri olan, Tərəfin milli qanunvericiliyinə
müvafiq olaraq qorunan malların siyahısı; gömrük nəzarətinin
məqsədləri üçün mərkəzi gömrük orqanının, hüquq sahibinin və
ya onun maraqlarını təmsil edən şəxsin ərizələri əsasında tərtib
etdiyi bu siyahıda gömrük sərhədindən keçirilən kontrafakt malları
aşkara çıxarmaqda gömrük orqanına imkan verən informasiya (əqli
mülkiyyət obyektinin adı; əqli mülkiyyət hüququnun əldə edilməsi
üçün əsas; hüquq sahibinin və bu əqli mülkiyyət obyektindən
istifadə hüququna icazəsi yaxud lisenziyası olan şəxslərin adları
və hüquqi ünvanları; həqiqi malların hazırlanma yerləri və onların
istehsalçıları haqqında məlumatlar; kontrafakt məhsul olduğu
ehtimal edilən malların təsviri, mənşə ölkəsi, nəql üsulu, idxalçıların
və/və ya ixracatçıların adları) olur.
2. Tərkibində əqli mülkiyyət obyektləri olan malların
keçirilməsi
Tərkibində əqli mülkiyyət obyektləri
olan malların gömrük sərhədindən keçirilməsi bu Qaydalara və Tərəflərin
milli qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Tərəflərdən hər birinin mərkəzi
gömrük orqanı gömrük nəzarəti məqsədləri üçün tərkibində əqli
mülkiyyət obyektləri olan malların reyestrini aparır.
Gömrük orqanları hüquq sahibinin
reyestrə daxil edilmiş əqli mülkiyyət obyektlərinə hüquqlarını
Tərəflərin milli qanunvericiliklərində və bu Qaydalarda müəyyən
edilmiş qaydada qoruyurlar.
3. Əqli mülkiyyət obyektlərinə hüquqların qorunması
barədə ərizə
Hüquq sahibi və ya hüquq sahibinin
maraqlarını təmsil edən digər şəxs (bundan sonra — ərizəçi), malların
gömrük sərhədindən keçirilməsi zamanı onun əqli mülkiyyət obyektinə
olan hüquqlarının pozulduğunu yaxud pozula biləcəyini güman etməyə
kifayət qədər əsası olduqda, kontrafakt malların buraxılmasını
dayandırmaq xahişi ilə mərkəzi gömrük orqanına əqli mülkiyyət
hüquqlarının qorunması barədə ərizə vermək hüququna malikdir.
Ərizənin verilməsi, zəruri məlumat və sənədlərin təqdim olunması
qaydasını mərkəzi gömrük orqanı müəyyən edir.
Mərkəzi gömrük orqanı əqli mülkiyyət
obyektinin reyestrə daxil edilməsi barədə, ərizəçinin müəyyən
olunmuş tələblərə riayət etmədiyi yaxud natamam və ya qeyri-səhih
məlumatlar təqdim etdiyi hallarda isə reyestrə daxil etməkdən
imtina barədə qərar qəbul edir, qəbul edilmiş qərar barədə ərizəçiyə
milli qanunvericilikdə müəyyən edilən müddətdə bildiriş göndərir.
Reyestrin aparılması, onun gömrük
orqanlarına və ərizəçilərə çatdırılması qaydasını mərkəzi gömrük
orqanı müəyyənləşdirir.
4. Əqli mülkiyyət obyektinin reyestrə daxil edilməsinə
görə rüsum
Əqli mülkiyyət obyektinin reyestrə
daxil edilməsinə görə, Tərəflərin milli qanunvericiliyində müəyyən
edilmiş ölçüdə və qaydada rüsum tutulur.
5. Hüquqların qorunması müddəti
Hüquqların qorunması müddətini
mərkəzi gömrük orqanı əqli mülkiyyət obyektinin reyestrə daxil
edilməsi barədə qərar qəbul edərkən ərizəçi tərəfindən göstərilən
müddətləri nəzərə almaqla, milli qanunvericiliyə uyğun olaraq,
lakin həmin qərarın qəbul edildiyi vaxtdan iki ildən artıq olmamaqla,
müəyyənləşdirir. Ərizəçinin göstərdiyi müddət ərizəçinin müraciəti
olduqda uzadıla bilər.
Hüquqların qorunmasının ümumi
müddəti əqli mülkiyyət obyektinə hüquqların qüvvədə olma müddətindən
artıq ola bilməz.
6. Buraxılışın dayandırılması ilə bağlı məsrəflərin
təmin olunması
Əqli mülkiyyət hüquqlarının qorunması
barədə ərizə girovla yaxud müvafiq məbləğin depozitə daxil edilməsi
ilə və ya malların buraxılışının haqsız olaraq dayandırılması
nəticəsində gömrük orqanlarına məsrəfləri və ziyan və ya zədələr
olduqda idxalçıya, yükalana, ixracatçıya və ya malların sahibinə
kompensasiya ödəməyə təminat verən ərizəçinin təminat öhdəliyi
ilə müşayiət olunmalıdır.
Buraxılış dayandırıldığı hallarda
gömrük orqanının xərclərinin və məsrəflərinin təminatı və ödənilməsinin
həcminin təyin edilməsi qaydası Tərəflərin milli qanunvericiliklərində
müəyyən edilir.
7. Tərkibində əqli mülkiyyət obyektləri olan malların
buraxılışının dayandırılması
Tərkibində əqli mülkiyyət obyektləri
olan, reyestrə daxil edilmiş mallar gömrük orqanına təqdim edildikdə
gömrük orqanı malların kontrafakt ola biləcəyi əlamətlərini aşkar
edirsə, belə malların buraxılışı dayandırılır.
Bu halda gömrük orqanı şübhə doğuran
malların kontrafakt olub-olmamasını təyin etmək məqsədi ilə təmənnasız
zəmində istənilən informasiyanın verilməsini və ya texniki ekspertiza
və avadanlıq da daxil olmaqla, yardımın göstərilməsini öz təşəbbüsü
ilə ərizəçidən tələb edə bilər.
Buraxılışın dayandırılması, 20
iş günündən yaxud 31 təqvim günündən artıq olmayan müddətdə, əgər
Tərəflərin milli qanunvericiliyində bu məqsədlər üçün başqa hal
nəzərdə tutulmayıbsa (göstərilən dövrlərdən ən uzun olanı seçilir)
həyata keçirilə bilər.
Gömrük orqanı buraxılışın dayandırılması
barədə deklaranta və ərizəyə dərhal bildiriş göndərir.
8. Məlumatın verilməsi, sınaq və nümunələrin götürülməsi
Gömrük orqanı Tərəflərin milli
qanunvericiliyində nəzərdə tutulmuş qaydada ərizəçiyə və deklaranta
buraxılışının dayandırılması barədə qərar qəbul edilmiş malların
kontrafaktlığının təyin edilməsi üçün zəruri olan məlumatı çatdırır.
Milli qanunvericiliklə müəyyən
edilmiş qaydada ərizəçi və deklarant buraxılışının dayandırılması
barədə qərar qəbul edilmiş mallardan sınaq üçün nümunələr götürə
və onların tədqiqini (ekspertizasını) həyata keçirə bilərlər.
9. Malların buraxılışının dayandırılması barədə
qərarın ləğv edilməsi
Əgər ərizəçi malların buraxılışının
dayandırılmasına dair qərarın ləğv edilməsi barədə gömrük orqanına
müraciət göndərərsə, yaxud malların kontrafaktlığı faktının müəyyənləşdirilməsi
üçün bu Qaydaların 7-ci bəndində müəyyən edilmiş müddətlərdə zəruri
tədbirlər görməzsə, buraxılışın dayandırılması barədə qərar ləğv
edilməli, mallar isə gömrük rəsmiləşdirilməsindən keçməli və buraxılmalıdır.
Malların buraxılışı hüquq sahibinin
əqli mülkiyyət obyektlərinə olan hüquqlarının qorunması barədə
onun səlahiyyətli orqanlara müraciəti üçün maneə ola bilməz.
Qanunvericiliklə səlahiyyət verilmiş
orqanlar malların kontrafakt hesab edilməsi barədə qərar qəbul
etdikləri halda belə mallar buraxıla bilməz. Bu zaman kontrafakt
mallar ya məhv edilməli, ya da Tərəflərin milli qanunvericiliyində
müəyyən edilmiş qaydada onlara başqa cür əncam çəkilməlidir.
Qanunvericiliklə səlahiyyət verilmiş
orqanlar malların kontrafaktlığı məsələsi və onların buraxılışı
ilə bağlı qərarların qəbul edilməsini bu Qaydaların 7-ci bəndinin
3-cü abzasında nəzərdə tutulmuş müddətlərdə həyata keçirməlidirlər.
10. Tərkibində əqli mülkiyyət obyektləri olan mallara
nəzarət üzrə gömrük orqanlarının əlavə səlahiyyətləri
Tərkibində əqli mülkiyyət obyektləri
olan reyestrə daxil edilməmiş malların kontrafakt ola biləcəyini
güman etməyə kifayət qədər əsas olduqda, gömrük orqanları milli
qanunvericiliklə müəyyən edilmiş qaydada, belə malların buraxılışını
dayandıra, onları müsadirə edə və ya həmin mallarla bağlı digər
tədbirlər görə bilərlər.
Tərəflərin mərkəzi gömrük orqanları
arasında razılaşmaya əsasən, bir Tərəfin gömrük orqanları öz səlahiyyətləri
çərçivəsində hüquq sahibinin digər Tərəfin mərkəzi gömrük orqanının
reyestrinə daxil edilmiş əqli mülkiyyət obyektlərinə hüquqlarının
qorunmasını həyata keçirə bilər.
Tərəflərdən hər birinin gömrük
orqanları tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük
sərhədlərindən keçirilməsi zamanı belə mallara hüquqların bu Qaydalarda
nəzərdə tutulduğundan daha geniş qorunmasını təmin edə bilərlər.
11. Tərkibində əqli mülkiyyət obyektləri olan ayrı-ayrı
mallara gömrük nəzarətinin xüsusiyyətləri
Milli qanunvericiliyə uyğun olaraq
bu Qaydalar tərkibində əqli mülkiyyət obyektləri olan mallara:
gömrük sərhədindən fiziki şəxslərin keçirdiyi yaxud «tranzit»
gömrük rejiminə müvafiq surətdə keçirilən mallara, beynəlxalq
poçt göndərişlərində göndərilən, eləcə də hüquq sahibinin qanuni
əsaslarla dövlətin gömrük ərazisinə gətirdiyi, onun razılığı ilə
dövriyyəyə buraxılmış və istehsal və ya kommersiya fəaliyyəti
üçün nəzərdə tutulmamış mallara tətbiq edilməyə bilər, bir şərtlə
ki, yerinə yetirilməsinə nəzarətin gömrük orqanlarına tapşırıldığı
digər tələblərə riayət edilmiş olsun.
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda
dərc edilmişdir (30 aprel 2002-ci il, ¹ 4, 1-ci kitab, maddə 423)
(«AzerSoft»).
Azərbaycan Respublikasının 12 fevral 2002-ci il
tarixli 259-IIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir («AzerSoft»)
© AzerSoft