Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikasının ixracat potensialından səmərəli istifadə edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Xarici İqtisadi fəaliyyətdə lazımi intizam və qayda yaratmaq və Azərbaycan Respublikasının Vahid Valyuta Fondunun doldurulmasını sürətləndirmək məqsədi ilə Azərbaycan Respublikasının ixracat potensialından istifadə edilməsinin aşağıdakı qaydası müəyyən edilsin:

1. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi strateji əhəmiyyətli malların məhdudlaşdırılmış siyahısı üzrə bütün ixracat əməliyyatlarının həyata keçirilməsi Xarici İqtisadi Əlaqələr Nazirliyinə tapşırılsın.

2. Nazirlər Kabineti:

a) bir həftə ərzində:

  • məhsulların (işlərin, xidmətlərin) ixracatçı müəssisələrin özlərinin istehsal etdikləri məhsullara aid edilməsi qaydasının hazırlanmasını və təsdiq edilməsini başa çatdırsın;
  • strateji əhəmiyyətli malların siyahısını təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;
  • strateji əhəmiyyətli mallarla ixracat əməliyyatları aparılması qaydasını hazırlasın, bu zaman xarici investisiyalar qoyulan müəssisələrin öz məhsullarının ixracı hallarının həmin qaydadan istisna edilməsini nəzərdə tutsun;
  • dövlət sifarişinə daxil olan mallarla ixracat əməliyyatlarının həyata keçirilməsi qaydasını hazırlasın, orada bu əməliyyatlar üçün lisenziyaların satılmasının auksion sistemini nəzərdə tutsun;
  • ayrı-ayrılıqda strateji malları və dövlət sifarişinə daxil olan malları müəyyənləşdirməklə ilin ikinci yarısı üçün respublikanın ixracat proqramını tərtib etsin;
  • Azərbaycan Respublikasında ixracat əməliyyatlarının aparılması qaydasını tənzimləyən mövcud normativ aktlarda müvafiq dəyişikliklər etsin, yuxarıdakı siyahıya düşməyən malların lisenziyalaşdırmadan azad edilməsini və xarici ticarətin vergilərlə və gömrük rüsumları ilə səmərəli tənzimlənməsini nəzərdə tutsun.

b) Gələcəkdə malların yuxarıdakı siyahısına dəyişikliklər və əlavələr edilməsinə dair təkliflər versin.

v) Strateji malların ixracı üçün lisenziyaların yenidən qeydiyyatdan keçirilməsini və bağlaşmalara yenidən baxılmasını təmin etsin.

3. Azərbaycan Respublikası Prezidentinin aparatı strateji əhəmiyyətli malların siyahısına daxil olan məhsullarla ixracat əməliyyatları aparılması üzərində nəzarəti gücləndirsin.

4. Azərbaycan Respublikasının Gömrük Komitəsi hər ay Prezident aparatına respublikadan kənara çıxan məhsullar haqqında məlumat versin.

5. Xarici iqtisadi fəaliyyətdə iştirak edən müəssisələrin işində çoxlu mənfi halların olması faktlarını nəzərə alaraq Xarici İqtisadi Əlaqələr Nazirliyi, Maliyyə Nazirliyi və Baş Dövlət Vergi İnspeksiyası xarici ticarət əməliyyatlarının necə aparıldığını bir ay ərzində hərtərəfli təhlil edib Azərbaycan Respublikası Prezidentinin aparatına müfəssəl məlumat təqdim etsinlər.

6. «Azərbaycan Respublikasında əmtəə mübadiləsi (barter) sövdələşmələrini qaydaya salmaq tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 mart tarixli 626 nömrəli Fərmanı və ona aid Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 aprel tarixli 673 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamə qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY

Bakı şəhəri, 13 avqust 1992-ci il

№ 136

«Həyat» qəzetində dərc edilmişdir (14 avqust 1992-ci il, № 159).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb