Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyasının Dövlət Gömrük Komitəsi arasında xarici ticarətin gömrük statistikası sahəsində metodoloji və informasiya əməkdaşlığı haqqında
Protokol

Bundan sonra Tərəflər adlandırılan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyası Dövlət Gömrük Komitəsi,

Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin 1994-cü il 15 aprel tarixli gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Sazişi rəhbər tutaraq,

ticarət danışıqları aparılması üçün Tərəflərin qarşılıqlı xarici ticarət üzrə dəqiq və müqayisə edilə bilən məlumatların vacibliyini etiraf edərək,

qarşılıqlı xarici ticarət üzrə məlumat mübadiləsinin xarici iqtisadi fəaliyyət sahəsində hüquq pozuntularının aşkar edilməsi metodlarından biri hesab edərək,

iki ölkənin qarşılıqlı ticarət haqqında informasiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə səy göstərərək,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Müntəzəm olaraq xarici ticarətin gömrük statistikasının formalaşdırılması və statistik məlumatın təhlili sahəsində qarşılıqlı məsləhətləşmələr aparmaq və metodoloji işləmələri mübadilə etmək.

Maddə 2

Hər rüb Müstəqil Dövlətlər Birliyi Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının 4 rəqəm səviyyəsində ölkə-mal kəsiyində formalaşdırılmış dəyər və natural ifadələrində qarşılıqlı xarici ticarət üzrə məlumatları mübadilə etmək.

Maddə 3

Tərəflər bir-birinə yazılı müraciət əsasında qarşılıqlı razılaşdırılmış mal mövqeləri üzrə informasiyada verdikləri göstəricilərdə fərqlər yol verilən həddən artıq olduqda, bəzi hallarda isə əlavə olaraq bu fərqlərin səbəbini araşdırmaq üçün Tərəf dövlətlərin xarici iqtisadi fəaliyyət iştirakçılarının ixrac-idxal əməliyyatları barədə informasiya verirlər.

Maddə 4

Tərəflər mövcud uyğunsuzluqların mümkün səbəblərini şərh etməklə iki ölkənin qarşılıqlı xarici ticarəti barədə məlumatların müqayisəsinin nəticələrinə dair bir-birini müntəzəm surətdə məlumatlandırmağı öhdələrinə götürürlər.

Maddə 5

Xidməti yazışma rus dilində aparılır.

Maddə 6

Hazırki Protokolun şərhi və tətbiq edilməsi ilə bağlı yarana bilən bütün məsələlər danışıqlar yolu ilə həll olunacaqdır.

Maddə 7

Tərəflərin qarşılıqlı razılığı əsasında hazırki Protokola onun ayrılmaz hissəsi olan ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər.

Maddə 8

Bu Protokol beş il müddətinə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallarla Tərəflərin bir-birinə göndərdikləri sonuncu yazılı bildirişin günündən qüvvəyə minir. Hazırki Protokolun qüvvəsi növbəti beşillik müddətə avtomatik olaraq uzadılacaq və Tərəflərdən biri digər Tərəfə onun qüvvəsini ləğv etmək niyyəti barədə yazılı bildiriş göndərdiyi tarixdən altı ay keçənədək öz qüvvəsini saxlayacaqdır.

Bakı şəhərində 10 aprel 2002-ci ildə iki əsl nüsxədə Azərbaycan və rus dillərində imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.

Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi adından

Rusiya Federasiyası
Dövlət Gömrük Komitəsi adından


Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 1020 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir («AzerSoft»).


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb