Azərbaycan Respublikası Nazirlər
Kabineti qeyd edir ki, gön-dəri xammalı ixracının qadağan olunmasına
baxmayaraq, onun respublikadan kənara aparılmasının qarşısı alınmamışdır.
İxracı qadağan olunandan sonra
1992-ci il və 1993-cü ilin yeddi ayı ərzində respublikadan kənara
358144,7 ABŞ dolları dəyərində 346 min 294 ədəd qoyun-quzu dərisi
və 3191,5 ton mal gönü göndərilmişdir.
Xarici İqtisadi Əlaqələr Nazirliyi
bu müddət ərzində gön-dəri xammalının ixracı üçün 42 təşkilata
68 lisenziya vermişdir. Lisenziyaların əksəriyyəti Pet-Azər, «Azita»,
«Asan», «Turan», «Dərya» müştərək müəssisələrinə, «Muğan» assosiasiyasına,
«Orxan» kiçik müəssisəsinə və «İlkin» respublika gənclər birliyinə
verilmişdir. Xammalın çox hissəsi respublikadan kənarda tədarük
olunsa da, əməliyyatların təhlili göstərir ki, bunların bir qismində
ciddi nöqsanlara və qanun pozğunluqlarına yol verilmişdir.
Belə ki, 12 fevral 1992-ci ildə
iki lisenziya ilə «Turan» müştərək müəssisəsi tərəfindən Türkiyə
Respublikasına barter üsulu ilə 16000 ədəd qoyun dərisi və 34
ton mal gönü göndərilməsinə icazə verilməsinə əsas xammalın Gürcüstan
Respublikasından guya təkrar ixrac kimi gətirilməsi olmuşdur.
Lakin malın Gürcüstandan gətirilməsi üçün ticarət-sənaye palatasının
sertifikatı və nəqliyyat əmtəə qayiməsi olmadan buna lisenziya
verilmişdir.
Eyni üsulla «Dərya» kiçik müəssisəsinə
barter üsulu ilə Türkiyənin «Ani idxal-ixracat LTD» şirkətinə
200 ton mal gönü və 10000 ədəd qoyun dərisinin Gürcüstan Respublikasından
təkrar ixrac kimi göndərilməsinə lisenziya verilmişdir. Aşılanma
adı ilə Türkiyə Respublikasına göndərilən dərilərin çox hissəsi
Azərbaycan Respublikasına qaytarılmamış, dönərli valyutaya satılaraq,
əvəzinə əhalinin ehtiyacını ödəməyən lazımsız mallar gətirilmişdir.
«Azərtürk» müştərək müəssisəsi
21 aprel 1992-ci ildə lisenziya əsasında Türkiyənin «Asist iç
və dış ticarət» şirkətinə aşılanma adı ilə 166,5 ton mal gönü
və 16200 ədəd qoyun dərisi göndərmişdir. Bunun müqabilində respublikaya
bir dəfə cəmi 5 ton, ikinci dəfə isə 162 ədəd aşılanmış dəri qaytarılmışdır.
Yoxlama zamanı məlum olmuşdur
ki, «Turan» müştərək müəssisəsinin fəaliyyətində ciddi maliyyə
pozğunluqlarına yol verilmişdir. Belə ki, müəssisə Türkiyə firmasına
xırda buynuzlu heyvan dərilərini ölçü ilə deyil, say hesabı ilə
göndərmiş, əvəzinə isə emal olunmuş dəriləri ölçü hesabı ilə alaraq,
mal mübadiləsində tarazlığı pozmuşdur. Bundan əlavə Türkiyə partnyorları
ilə kontraktları dünya standartlarına müvafiq bağlamamış, kontraktların
dördündə də cərimə sanksiyaları öz əksini tapmamışdır. Buna görə
də emal edilməsi üçün göndərilmiş xammalın əksəriyyəti aşılanmış
dəri kimi geri qaytarılmamışdır. Belə kontraktların Xarici İqtisadi
Əlaqələr Nazirliyi tərəfindən qanunsuz olaraq qeydiyyatdan keçirilməsi
nəticəsində xarici şirkətlərə qarşı bu məsələ üzrə iddia qaldırılması
qeyri-mümkün olmuşdur.
«Nika» firması Həştərxan vilayəti
və Moldova Respublikasından aldığı xammalı müəssisəyə mədaxil
etmədən, firmanın maddi məsul şəxsləri həmin dəriləri əhalidən
guya baha qiymətə tədarük etmələrinə dair saxta sənədlər tərtib
etmişlər.
«Muğan» assosiasiyası mövcud olmayan
«Bərəkət» kiçik müəssisəsinin adından tərtib olunmuş saxta sənədlərlə
respublikada tədarük olunmuş 200 ton dərini təkrar ixrac adı ilə
Türkiyə Şirkətinə sataraq, respublikanın dəri xammalı ehtiyatlarına
külli miqdarda ziyan vurmuşdur.
Bu kimi cinayət xarakterli faktlar
həmçinin «Dərya», «Azintürk» müştərək müəssisələrində, «Tərlan»,
«Türkədi» firmalarında, «İlkin» respublika gənclər birliyində
də aşkar olunmuş və DİN tərəfindən qaldırılmış cinayət işinin
gedişatında istintaq yolu ilə yoxlanmışdır.
Belə hallar respublikanın iqtisadiyyatına
zərər vurur, daxili bazarda çaşqınlıq yaradır, əhalinin ərzaq
və sənaye mallarına olan tələbatını ödəməyə imkan vermir, ayrı-ayrı
şəxslərin qanunsuz yollarla varlanmasına və əhali arasında haqlı
narazılığa səbəb olur.
Yuxarıdakıları nəzərə alaraq,
Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin «Respublikada hazırlanan dəri və xəz-dəri xammalından
səmərəli istifadə olunması» haqqındakı 30 avqust 1989-cu il və
11 dekabr 1991-ci il tarixli 358 və 412 saylı qərarlarının və
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasından
ixracı məhdudlaşdırılan strateji əhəmiyyətli malların siyahısının
təsdiqi haqqında» 10 sentyabr 1992-ci il tarixli 118 saylı sərəncamının
icrasına nəzarəti lazımi qaydada təmin etmədiklərinə görə Xarici
İqtisadi Əlaqələr Nazirliyinin, Dövlət Gömrük Komitəsinin bu sahədəki
fəaliyyətləri qeyri-qənaətbəxş hesab edilsin.
2. Xarici İqtisadi Əlaqələr Nazirliyinə
(N.Quliyev), Dövlət Gömrük Komitəsinə (T.Əliyev) tapşırılsın ki,
gön-dəri xammalının ixracındakı əməliyyatlar zamanı xidməti vəzifələrinə
səhlənkar yanaşan işçilərin məsuliyyət dərəcələrini müəyyənləşdirib,
onların barəsində ciddi tədbir görsünlər.
Həmçinin qanun pozğunluğuna yol
vermiş kommersiya təşkilatlarının xarici-iqtisadi əlaqələr üzrə
fəaliyyətlərinin dayandırılması məsələsinə mövcud qaydada baxıb,
Azərbaycan Respublikası Nazirlər Kabinetinə məlumat versinlər.
3. Yoxlama materialları tədbir
görülməsi üçün respublika Daxili İşlər Nazirliyinə göndərilsin.
4. Bu qərarın icrasına nəzarət
Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsi xarici
iqtisadi əlaqələr, hərbi və inzibati orqanlar, yüngül sənaye və
xalq istehlakı malları şöbələrinə tapşırılsın.
Baş nazir
S.HÜSEYNOV