Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında

Saziş

Bundan sonra Razılaşan Tərəflər adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti,

mehriban qonşuluq əlaqələrini, o cümlədən gömrük işini əməkdaşlıq vasitəsilə inkişaf etdirməyi arzulayaraq,

gömrük xidmətlərinin əməkdaşlığı yolu ilə iki ölkə arasında sərnişin və yük daşımalarının inkişafına və sürətləndirilməsinə imkan yaradılmasına çalışaraq,

gömrük pozuntularının hər iki Razılaşan Tərəfin iqtisadi mənafeyinə zərər vurduğunu nəzərə alaraq,

gömrük qanunvericiliyinə riayət edilməsinin və gömrük pozuntuları ilə mübarizə aparılmasının Razılaşan Tərəflərin gömrük xidmətlərinin əməkdaşlığı ilə daha müvəffəqiyyətlə həyata keçiriləcəyinə əmin olaraq,

aşağıdakılar barədə razılığa gəlmişlər:

Maddə 1. Müddəalar

Bu Sazişin məqsədləri üçün nəzərdə tutulan terminlərin mənaları:

1. «Gömrük qanunvericiliyi» — malların, sərnişinlərin baqajlarının və əl yüklərinin, beynəlxalq poçt göndərişlərinin, valyutanın və başqa sərvətlərin gətirilməsini, çıxarılmasını və tranzit yüklərin aparılmasını, gömrük rüsumlarının və digər vergi və yığımların alınmasını və ya imtiyazların, qadağaların, məhdudiyyətlərin, icazələrin təyin olunmasını, malların gömrük sərhədindən keçirilməsinə nəzarət qaydalarını tənzimləyən hüquqi normaların məcmuudur.

2. «Gömrük xidmətləri» — Azərbaycan Tərəfi üçün — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Özbəkistan Tərəfi üçün — Özbəkistan Respublikası Dövlət Vergi Komitəsinin Baş Gömrük İdarəsi.

3. «Gömrük hüquq pozuntuları» — Gömrük Qanunvericiliyinin pozulması və ya onun pozulmasına cəhd.

4. «Şəxs» — hər bir fiziki və ya hüquqi şəxs.

5. «Narkotik vasitələr» — narkotik vasitələr haqqında 1961-ci il 30 mart tarixli BMT-nin Vahid Konvensiyasına sonradan edilmiş dəyişiklik və əlavələrlə birgə onun siyahısına daxil olan maddələr.

6. «Psixotrop maddələr» — psixotrop maddələr haqqında 1971-ci il 21 fevral tarixli BMT-nin Konvensiyasına sonradan edilmiş dəyişikliklərlə birgə onun siyahısına daxil olan maddələr.

7. «Mallar» — sərnişinlərin və yüklərin beynəlxalq daşımaları üçün istifadə olunan nəqliyyat vasitələri istisna olmaqla, maddi aləmin hər cür daşınar əşyaları, həmçinin elektrik, istilik və digər enerji.

Maddə 2. Sazişin tətbiq edilmə dairəsi

1. Gömrük xidmətləri öz səlahiyyəti çərçivəsində və daxili qanunvericiliyə riayət edərək aşağıdakı məqsədlərlə bir-biri ilə əməkdaşlıq edəcəklər:

a) iki dövlət arasında sərnişin və yük daşımalarının asanlaşdırılması və sürətləndirilməsi;

b) gömrük rüsumlarının və başqa yığımların düzgün alınmasının təmin edilməsi, idxal və ixrac imtiyazlarının tətbiq edilməsi;

v) gömrük hüquq pozuntularının qarşısının alınması, aradan qaldırılması və təhqiqatı.

2. Bu Saziş Razılaşan Tərəflərin başqa beynəlxalq sazişlərindən irəli gələn öhdəliklərinə toxunmur.

Maddə 3. Gömrük rəsmiləşdirməsinin sadələşdirilməsi

1. Gömrük xidmətləri:

  • İki dövlət arasında sərnişin və yük daşımalarının asanlaşdırılması və sürətləndirilməsi məqsədilə gömrük rəsmiləşdirməsinin sadələşdirilməsi üçün qarşılıqlı və razılaşdırılmış zəruri tədbirlər görürlər;
  • bir-birinin gömrük təminatlarını (plombların, möhürlərin və ştampların şəkilləri) və gömrük sənədləşməsində tətbiq olunan blankları qəbul edirlər, lazım olduqda keçirilən malların və başqa əşyaların üstünə öz təminatlarını qoyurlar.

2. Razılaşan Tərəflərin qanunvericiliyinə müvafiq olaraq, qadağan olunmuş malların gətirilməsi və tranziti istisna olmaqla, tranzitlə keçən mallar və nəqliyyat vasitələri gömrük nəzarətindən azaddırlar.

Maddə 4. Şəhadətnamələrin təqdim edilməsi

1. Gömrük xidmətləri sorğu ilə Razılaşan bir Tərəfin ərazisindən çıxarılan malların Razılaşan digər Tərəfin ərazisinə gətirilməsinin qanuni olması barədə bir-birinə təsdiqedici şəhadətnamə verir. Şəhadətnamədə malların rəsmiləşdirilməsinin gömrük əməliyyatlarının növü və nəticələri göstərilir. Bu, həmçinin malların Razılaşan digər Tərəfin ərazisindən təkrar ixrac edilməsi hallarına da aiddir.

2. Gömrük xidmətləri sorğu əsasında onlara tabe olan gömrük orqanları tərəfindən təqdim edilən şəhadətnamələrin və ya başqa sənədlərin əsilliyi və zəruri olan bütün informasiyanın orada öz əksini tapması haqqında bir-birinə məlumatlar təqdim edirlər.

Maddə 5. Narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə

1. Gömrük xidmətləri, narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığının və qeyri-qanuni dövriyyəsinin qarşısının alınmasının, aradan götürülməsinin və təhqiqatının fəallaşdırılması məqsədilə, sorğusuz və mümkün olduqca qısa müddətdə aşağıdakılar barədə bir-birinə məlumat verirlər:

a) narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı və ya qeyri-qanuni dövriyyəsi ilə məşğul olan şəxslər və ya həmin hərəkətlərin törədilməsində şübhəli şəxslər barədə;

b) narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı üçün istifadə olunması məlum olan və ya belə istifadədə şübhə doğuran yerüstü, su və hava nəqliyyat vasitələri, konteyner və bağlamalar barədə.

2. Gömrük xidmətləri narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsində istifadə olunan qaçaqmalçılıq üsulları barədə və onlara nəzarət üçün yeni tədbirlərin səmərəliliyi barədə ilkin sorğusuz məlumatları bir-birinə çatdırırlar.

3. Bu maddənin 1-ci və 2-ci bəndlərinə müvafiq olaraq, Razılaşan Tərəflərin hər hansı birindən alınan məlumat və sənədlər həmin Tərəfin narkomaniya və narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni ticarəti ilə mübarizə aparan hüquq-mühafizə və digər dövlət orqanlarına verilə bilər.

4. Gömrük xidmətləri Razılaşan Tərəflərin daxili qanunvericiliyi və qarşılıqlı razılaşmasına əsasən zəruri olduqda narkotik və psixotrop maddələri, onların qeyri-qanuni dövriyyəsi ilə əlaqəsi olan şəxsləri aşkar etmək məqsədilə nəzarət altında daşıma metodundan istifadə edirlər.

Nəzarət altında daşımalar metodundan istifadə olunması qərarı Razılaşan Tərəflər tərəfindən hər bir konkret halda qəbul edilir və lazım olduqda Tərəflərin maliyyə razılaşmaları da nəzərə alına bilər.

5. Razılaşan Tərəflər bu Sazişin fəaliyyət dairəsini narkotik vasitələrin və psixotrop maddələrin hazırlanmasında istifadə olunan maddələrə də yönəldə bilərlər.

Maddə 6. Məlumatların verilməsi

1. Gömrük xidmətləri sorğu ilə, həmçinin protokolların və ya rəsmi kağız və sənədlərin təsdiq olunmuş surətlərinin göndərilməsi yolu ilə aşağıda göstərilənlər barədə onlarda olan bütün məlumatları bir-birinə göndərirlər:

a) gömrük rüsumu və başqa yığımların dəqiq tutulmasına, malların idxal, ixracı ilə bağlı imtiyazların verilməsinin düzgünlüyünün müəyyən edilməsinə imkan verən şərtlər barədə;

b) sorğunu göndərən Razılaşan Tərəfin gömrük qanunvericiliyinə zidd olan və ya zidd ola bilən, hazırlanan və ya törədilmiş hərəkətlər barədə.

2. Gömrük xidmətləri mümkün qədər qısa müddətdə, həmçinin ilkin sorğusuz malların və əşyaların keçirilməsi zamanı gömrük qanunvericiliyinin pozuntuları ilə mübarizədə mühüm əhəmiyyət kəsb edən bütün məlumatları bir-birinə çatdırırlar:

a) ətraf mühitə və əhalinin sağlamlığına zərər vura bilən mallar və yüklər;

b) silah, döyüş sursatları, partlayıcı və zəhərli maddələr, partlayıcı qurğular;

v) tarixi, bədii, mədəni və ya arxeoloji əhəmiyyəti olan əşyalar;

q) Razılaşan Tərəflərin qanunvericiliyinə əsasən yüksək gömrük rüsumu və ya vergiləri tətbiq olunan mallar;

d) gömrük xidmətləri ilə razılaşdırılmış siyahılara əsasən tariflərdən kənar məhdudiyyətlər qoyulmuş xüsusilə mühüm əhəmiyyət kəsb edən mallar;

e) nüvə materialları (istilik verən cihazlar şəklində materiallar daxil olmaqla), texnologiyaları, avadanlıqları, qurğuları;

c) zəhərlər;

z) dövlət mənafeyinə zərər vura bilən əşyalar;

i) strateji materiallar.

Maddə 7. Sənədlərin verilməsi

1. Gömrük xidmətləri bu Sazişin qüvvəyə mindiyi tarixdən sonrakı 3 ay müddətində qüvvədə olan qanunvericilik aktlarının, qaydalarının və təlimatlarının surətlərini bir-birinə göndərəcəklər və gələcəkdə ləngidilmədən gömrük qanunvericiliyində olan bütün dəyişiklik və əlavələr barədə bir-birini xəbərdar edəcəklər.

2. Razılaşan Tərəflərdən birinin gömrük xidməti Razılaşan digər Tərəfin gömrük xidmətinin sorğusu ilə inzibati orqanların gömrük qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə aid olan qərarlarının surətlərini onlara göndərir.

3. Sənədlərin verilməsi haqda sorğuda bu Sazişin 11-ci maddəsində nəzərdə tutulan tələblərdən fərqli olaraq məsələnin mahiyyəti göstərilməyə bilər.

4. Sənədlərin göndərilməsi onun alınması tarixinin göstərilməsi şərti ilə sorğunu alan gömrük xidməti və ünvan sahibi tərəfindən təsdiq edilir.

Maddə 8. Təcrübə mübadiləsi və texniki kömək

1. Gömrük xidmətləri:

a) öz fəaliyyət təcrübələri və gömrük qanunvericiliyi pozulmalarının yeni üsul və vasitələri barədə məlumat mübadiləsi aparırlar;

b) yeni texniki köməkçi vasitələrin tətbiq edilməsi barədə bir-birinə xəbər verirlər;

v) qarşılıqlı maraq təşkil edən başqa gömrük məsələləri üzrə məlumat mübadiləsi aparırlar.

2. Gömrük xidmətləri gömrük işi sahəsində aşağıdakılar daxil olmaqla, bir-birinə texniki kömək göstərirlər;

a) Razılaşan bir Tərəfin gömrük xidmətləri tərəfindən istifadə olunan texniki vasitələr ilə tanış olmaq məqsədilə qarşılıqlı maraq olduğu hallarda gömrük əməkdaşlarının mübadiləsi;

b) gömrük əməkdaşlarının öyrədilməsi və xüsusi təcrübələrin təkmilləşdirilməsinə gömək;

v) texniki nəzarət vasitələrindən istifadə etmə təcrübəsinin və məlumatların mübadiləsi;

q) gömrük məsələləri üzrə ekspertlərin mübadiləsi;

d) gömrük məsələlərinə aid olan professional, elmi və texniki məlumatların mübadiləsi.

Maddə 9. Təhqiqat

1. Bu Sazişin 2-ci maddəsinin 1-ci bəndinin «b» və «v» bölmələrinə müvafiq olaraq, Razılaşan bir Tərəfin gömrük xidməti Razılaşan digər Tərəfin gömrük xidmətinin sorğusu ilə yoxlama və ya təhqiqat aparır. Bu Sazişin 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş prosedura əsasən yoxlama və təhqiqatın nəticələri barədə sorğunu göndərmiş gömrük xidmətinə məlumat verilir.

2. Təhqiqatlar sorğunu göndərən gömrük xidmətinin ərazisində qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, aparılır. Sorğunu alan gömrük xidməti sorğunu göndərən gömrük xidmətinin rəsmi şəxslərinin belə təhqiqatda iştirak etməyinə icazə verə bilər.

Maddə 10. Ekspertlər və şahidlər

Əgər gömrük qanun və qaydalarının pozulmasına baxılması ilə bağlı Razılaşan bir Tərəfin məhkəmə və ya inzibati orqanları müvafiq sorğu ilə müraciət edirlərsə, Razılaşan digər Tərəfin gömrük xidməti öz əməkdaşlarına belə məhkəmə və ya inzibati araşdırmalarda şahid və ya ekspert kimi iştirak etmək səlahiyyətini verə bilər. Həmin əməkdaşlar öz xidməti vəzifələrini yerinə yetirdikləri zaman onlar tərəfindən müəyyən edilmiş faktlar üzrə ifadə verirlər. Əməkdaşın məhkəmə və ya inzibati araşdırmalarda iştirakı barədə sorğuda onun həmin araşdırmada hansı iş üzrə və hansı formada iştirak etməsi aydın göstərilməlidir.

Maddə 11. Sorğunun forması və məzmunu

1. Bu Sazişin 9-cu maddəsində nəzərdə tutulmuş sorğu yazılı şəkildə göndərilir. Sorğunu yerinə yetirmək üçün lazım olan sənədlərin əsilləri, rəsmi təsdiq olunmuş surətləri və ya fotosurətləri əlavə olunmalıdır.

2. Sorğuda aşağıdakı məlumatlar olmalıdır:

a) sorğunun əsasını təşkil edən məsələlərdə marağı olan gömrük orqanı;

b) əməliyyatın növü;

v) əməliyyat iştirakçılarının soyadları, ünvanları və onlar haqda başqa məlumatlar;

q) sorğunun məqsədi və səbəbi;

d) işin qısa məzmunu və hüquqi təsnifatı.

Maddə 12. Sorğunun yerinə yetirilməsi

Gömrük xidmətləri sorğunun yerinə yetirilməsində öz dövlət qanunvericiliyinə müvafiq olaraq və öz səlahiyyətləri çərçivəsində bir-birinə gömək göstərməlidirlər.

Maddə 13. Sənədlər

1. Sənədlərin əsillərinin göndərilməsi həmin sənədlərin surət və fotosurətlərinin kifayət olmadığı hallarda tələb oluna bilər.

2. Sənədlərin əsilləri mümkün olan qısa müddətdə geri qaytarılmalıdır.

3. Bu maddənin müddəalarının yerinə yetirilməsi zamanı sorğunu alan Tərəfin və ya üçüncü bir tərəfin hüquqları pozulmamalıdır.

Maddə 14. Alınan məlumatlardan istifadə

Gömrük xidmətləri keçirilən yoxlama və təhqiqatlarda gömrük hüquq pozuntuları ilə bağlı məhkəmə və ya inzibati araşdırmalarda aparılan yoxlama və ya təhqiqatlar zamanı öz protokollarında, məlumatlarında və başqa materiallarında bu Sazişə əsasən alınmış sənəd və məlumatlardan sübut kimi istifadə edə bilərlər. Bu məlumat və sənədlərin sübutedici qüvvəsi və onlardan məhkəmədə istifadə edilə bilməsi sorğunu göndərən Razılaşan Tərəfin daxili qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 15. Kömək göstərməkdən imtina

1. Xahişin yerinə yetirilməsindən o vaxt imtina edilir ki, onun yerinə yetirilməsi sorğunu alan Razılaşan Tərəfin müstəqilliyinə və ya təhlükəsizliyinə ziyan vura bilər və yaxud onun qanunvericiliyinin əsas prinsiplərinə və ya dövlətlərarası öhdəliklərinə ziddir.

2. Kömək göstərməkdən imtina etmə barədə və imtina etmənin səbəbləri barədə sorğunu göndərən gömrük xidməti təxirə salınmadan yazılı şəkildə xəbərdar edilir.

Maddə 16. Xərclərin ödənilməsi

Kömək göstərən gömrük xidmətinin bu Sazişə müvafiq olaraq, sorğunun yerinə yetirildiyi zaman ancaq gömrük xidmətində işləməyən ekspert və tərcüməçilərin zəhmət haqqının verilməsinə sərf edilən xərcləri ödənilir.

Bu Sazişin 8-ci maddəsinin müddəalarının yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi gömrük xidmətlərinin arasındakı ayrı-ayrı danışıqların mövzusu ola bilər.

Maddə 17. Sazişin yerinə yetirilməsi

1. Bu Sazişdə nəzərdə tutulan əməkdaşlıq bilavasitə Razılaşan Tərəflərin gömrük xidmətləri arasında həyata keçirilir.

2. Gömrük xidmətləri öz səlahiyyətləri çərçivəsində bu Sazişin yerinə yetirilməsi üçün lazımi sənədləri nəşr edirlər.

3. Bu Sazişin yerinə yetirilməsi məqsədilə gömrük xidmətləri onların tabeliyində olan gömrük orqanları arasında lazımi əlaqələr yaradırlar.

4. Gömrük xidmətlərinin nümayəndələri vaxtaşırı və ya zərurət olduqda, bu Sazişin yerinə yetirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün növbə ilə Razılaşan Tərəflərin hər birinin ərazisində bir-biri ilə görüşəcəklər.

Maddə 18. Son müddəalar

Bu Saziş lazımi dövlətdaxili prosedurların başa çatması haqda Razılaşan Tərəflərin diplomatik kanallar vasitəsi ilə bir-birini xəbərdar edəcəyi gündən qüvvəyə minəcəkdir. Saziş 5 il müddətinə bağlanır və avtomatik olaraq növbəti hər 5 il müddətinə o vaxta qədər uzadılacaqdır ki, tərəflərin biri bu Sazişin fəaliyyətinin dayandırılması qərarı barədə diplomatik kanallarla yazılı şəkildə o biri Tərəfi xəbərdar edəcəkdir. Bu halda Sazişin fəaliyyəti xəbərdar edildiyi tarixdən 6 ay keçdikdən sonra dayandırılacaqdır.

1996-cı il mayın 27-də Bakı şəhərində hərəsi Azərbaycan, özbək və rus dillərində olmaqla iki nüsxədə hazırlanıb imzalanmışdır və bütün mətnlər eyni qüvvəyə malikdir.

Bu Sazişin müddəalarının şərh edilməsi üçün rus dilindəki mətndən istifadə edilir.

Azərbaycan Respublikası
Hökuməti tərəfindən

Özbəkistan Respublikası
Hökuməti tərəfindən

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1996-cı il tarixli, 419 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir («AzerSoft»)

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb