«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat ¹ 2893
01 avqust 2002-ci il
Nazir
F. MƏMMƏDOV
|
«Təsdiq edirəm»
Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 054
25 iyul 2002-ci il
Sədr
K. HEYDƏROV
|
Azərbaycan Respublikasının gömrük
sərhədindən keçən hava nəqliyyatı vasitələri, bu nəqliyyat vasitələri
ilə daşınan malların gömrük rəsmiləşdirilməsi və onların gömrük
nəzarətindən keçirilməsi Qaydaları
«Azərbaycan Respublikasının gömrük
sərhədindən keçən hava nəqliyyatı vasitələri, bu nəqliyyat vasitələri
ilə daşınan malların gömrük rəsmiləşdirilməsi və onların gömrük
nəzarətindən keçirilməsi Qaydaları» (bundan sonra Qaydalar) Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinin 21-ci və 27-ci fəsillərinə
və gömrük işi ilə bağlı qəbul olunmuş normativ hüquqi aktların
müddəalarına uyğun olaraq işlənib hazırlanmışdır və hava nəqliyyatı
vasitələrinin (bundan sonra hava gəmiləri) və onlarla daşınan
malların, beynəlxalq poçt göndərişlərinin, sərnişin və ekipaj
üzvlərinin, əl yükünün, baqajın üzərində gömrük nəzarətinin və
gömrük rəsmiləşdirilməsinin xüsusiyyətlərini müəyyən edir.
Bu Qaydalarda istifadə olunan
terminlər:
- Baş bəyannamə: mülki aviasiya sahəsində
beynəlxalq sazişlərə uyğun olaraq «aeroportdan-aeroporta» prinsipi
üzrə yazılmış və özündə hava gəmisi, onu istismar edən gəmi
heyəti, uçuş marşrutu və sair məlumatları əks etdirən daşıyıcının
standart sənədi;
- Yük (karqo) manifesti: hava gəmisi
bortunda daşınan mallar haqqında məlumatları əks etdirən yük
cədvəli;
- Sərnişin cədvəli: sərnişinlərin enmə
məntəqələri nəzərə alınmaqla tərtib olunmuş siyahısı;
- Texniki enmə: yanacaq doldurma, heyətin
dəyişməsi və s. məqsədlərlə hava gəmisinin planlaşdırılmış enməsi;
- Məcburi enmə: texniki nasazlıq, anlaşılmazlıq
və bu kimi digər səbəbdən plandan kənar hava gəmisinin enməsi;
- Transfer: bir hava gomisinin bortundan
digər hava gəmisinin bortuna yüklərin yüklənməsi;
- Beynəlxalq hava daşımaları: yola düşmə
və təyinat məntəqələri müvafiq olaraq iki dövlətin ərazisində,
yaxud bir ölkə ərazisində olmaqla, enmə məntəqəsi digər dövlətin
ərazisində nəzərdə tutulan hava daşımaları.
I. Ümumi müddəalar
1. Azərbaycan Respublikasının
gömrük qanunvericiliyinə əsasən gömrük sərhədindən uçuş keçirən
bütün hava gəmiləri və onların vasitəsi ilə daşınan yüklər, beynəlxalq
poçt göndərişləri, baqaj, sərnişinlərin və ekipaj üzvlərinin əl
yükü bəyan edilməklə gömrük nəzarətindən və gömrük rəsmiləşdirilməsindən
keçirilir.
2. Sərnişin və yüklərin beynalxalq
uçuşu üçün istifadə olunan hava gəmiləri Azərbaycan Respublikasının
gömrük sərhədindən gömrük qanunvericiliyinin tələblərinə müvafiq
olaraq nəqliyyat vasitələrinə tətbiq edilən müvəqqəti idxal (ixrac)
gömrük rejiminin şərtlərinə uyğun olaraq keçirlər.
3. Yola düşmə və təyinat məntəqələri
Azərbaycan Respublikasının gömrük ərazisi hüdudlarından kənarda
olmaqla beynalxalq hava daşımaları həyata keçirən hava gəmiləri
Azərbaycan Respublikasının gömrük ərazisində sərnişin və ya yük
boşaltma (götürmə) məqsədli (sonradan – kommersiya məqsədli) planlaşdırılmış
enmə həyata keçirdikdə, o tranzit gömrük rejimi altında yerləşdirilir.
4. Gömrük qanunvericiliyinin tələblərinə
əsasən müvəqqəti idxal (ixrac) və ya tranzit gömrük rejimlərinə
uyğun olaraq gömrük rüsum və vergilərindən tamamilə azad olunduğu
hallarda hava gəmilərinin gömrük rəsmiləşdirilməsi və bəyan olunması,
bu Qaydalarla müəyyən olunan sənədlər əsasında sadələşdirilmiş
qaydada aparılır.
5. Hava gəmilərinin gömrük rüsum
və vergilərindən qismən azad olunmaqla gömrük rəsmiləşdirilməsi
gömrük məqsədi üçün lazım olan yük gömrük bəyannaməsinin və digər
sənədlərin, habelə siyahısı bu Qaydalarla müəyyən olunan sənədlərin
təqdim olunması ilə həyata keçirilir.
6. Hava gəmilərinin normal istismarı
və texniki xidmət üçün lazım olan və ya gəminin bortunda olan
sərnişinlərin və ekipaj heyətinin istifadəsi üçün nəzərdə tutulan
mallar Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olduğu
zaman və ya Azərbaycan Respublikasının gömrük ərazisində dayanma
zamanı hava gəmisinə yükləndikdə və ya boşaldıldıqda Azərbaycan
Respublikası DGK-nın normativ-hüquqi aktlarında nəzərdə tutulan
qaydada gömrük nəzarətindən və gömrük rəsmiləşdirilməsindən keçirilir.
7. Gömrük orqanları gömrük nəzarətinin
həyata keçirilməsi məqsədi ilə mütəmadi beynəlxalq avia-xətlərdə
hava gəmilərinin uçuş cədvəlini (tənzimlənən beynəlxalq uçuşların
cədvəli), həmçinin mütəmadi uçuş cədvəlindən əlavə (tənzimlənən
uçuşlar) Azərbaycan Respublikası gömrük ərazisinə gələn və Azərbaycan
Respublikası gömrük ərazisindən gedən hava gəmiləri haqqında məlumatları
beynəlxalq hava limanı rəhbərliyindən alırlar.
Hava limanı rəhbərliyi tərəfindən
təqdim olunan mütəmadi olmayan uçuşlar haqqında məlumatda istismarçı,
hava gəmisi, enmə və uçma vaxtları, sərnişinlərin sayı, yükün
adı və miqdarı haqqında qeydlər olmalıdır.
8. Hava limanlarının rəhbərliyi
tərəfindən hava gəmilərinin və onların vasitəsi ilə daşınan yüklərin,
beynəlxalq poçt göndərişlərinin, baqajın, sərnişinlərin və ekipaj
üzvlərinin əl yükünün gömrük nəzarətindən və gömrük rəsmiləşdirilməsindən
keçirilməsi üçün bütün lazımi şərait yaradılır.
9. Gömrük orqanları hava limanlarının
rəhbərliyi tərəfindən onların istifadəsi üçün verilən texniki
vasitələrin, avadanlıqların və əmlakın normal istismarı üçün maddi
məsuliyyət daşıyırlar.
10. Hava limanına enən hava gəmilərinin
dayanma yeri gömrük nəzarəti zonasına aid olunur və gömrük orqanlarını
qabaqcadan məlumatlandırmadan hava gəmilərinin yerlərinin dəyişdirilməsinə
və yaxud onların beynəlxalq hava daşımaları üçün uçuşa buraxılmasına
yol verilmir.
11. Respublika ərazisinə gələn
hava gəmiləri təyinat hava limanına çatmamış aralıq hava limanında
endikdə və yaxud respublikadan xaricə uçan hava gəmiləri bu ərazidə
aralıq hava limanına endikdə bütün dayanacaq müddətləri ərzində
gömrük nəzarəti altında olurlar.
12. Yüklərin hava gəmilərinə yüklənməsi,
boşaldılması və təzədən yüklənməsi, beynəlxalq poçt göndərişlərinin
və sərnişinlərin baqajlarının yüklənməsi, qablaşdırılması və yenidən
qablaşdırılması yalnız gömrük orqanlarının razılığı əsasında müəyyən
olunmuş yerlərdə həyata keçirilir.
13. Baqaj və yüklər təyyarənin
dayanacaq yerindən baxış zallarına və buradan əks marşrutla daşınması
hava limanının nəqliyyatı ilə həyata keçirilir. Təyyarədən baxış
zalına qədər olan məsafə ərzində yüklərin daşınması zamanı hava
limanının rəhbərliyi tərəfindən müvafiq qaydada həmin baqaj və
yüklərin toxunulmazlığı təmin edilir.
14. Beynəlxalq marşrutlarla uçan
hava gəmilərinə sərnişinlərin minməsi və yaxud xaricdən gələn
hava gəmilərindən sərnişinlərin enməsi gömrük nəzarəti təmin olunmaqla
həyata keçirilir.
II. Hava gəmilərinin və onlarla daşınan yüklərin
gömrük rəsmiləşdirilməsi nəzarəti üçün təqdim olunan sənədlər
1. Hava gəmisinin qəbulu və uçuşu
üçün əsas sənəd Baş bəyannamə hesab edilir.
2. Hava gəmisinin komandiri və
ya onun adından çıxış etmək səlahiyyəti olan şəxs (bundan sonra
agent) gömrük nəzarətinin, gömrük rəsmiləşdirilməsinin həyata
keçirilməsi üçün gömrük orqanlarına aşağıdakı sənədləri təqdim
edir:
- komandir və ya agent tərəfindən imzalanmış
Baş bəyannamə – 2 nüsxə;
- sərnişin cədvəli – 2 nüsxə;
- yük (karqo) manifesti – 2 nüsxə;
- ləvazimatlar haqqında məlumat olan sənəd –
2 nüsxə.
2.1. Təqdim olunan sənədlərdən
gömrük orqanlarında aşağıdakı sənədlər saxlanılır:
Baş bəyannamə, sərnişin cədvəli,
yük (karqo) manifesti – hər birindən bir nüsxə və yükə dair sənədlər.
3. Gömrük orqanının əməkdaşı təqdim
olunmuş sənədlərdəki məlumatların yoxlanılması zamanı gömrük rəsmiləşdirilməsi
üçün zəruri olan digər sənədləri (qaimələr, uçuş tapşırığı, hesab-faktura,
hesab-proforma, invoyslar, spesifikasiya, malların idxal-ixracına
lisenziya (tələb olunduqda), gömrük sərhədindən tranzit rejimi
altında keçirilən zaman Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulmuş mallara tələb olunan lisenziya və s.) tələb
etmək hüququna malikdir. Əgər sənədlər xarici dildə tərtib olunmuşdursa
gömrük orqanının əməkdaşı həmin sənədləri Azərbaycan dilində yazılı
tərcümə etdirmək hüququna malikdir.
III. Azərbaycan Respublikasının gömrük ərazisinə
daxil olan hava gəmilərinin və onlarla daşınan yüklərin üzərində
gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin aparılması
1. Hava gəmiləri yerə endikdən
sonra onlar üçün ayrılmış dayanacaqda gömrük rəsmiləşdirilməsi
başa çatanadək dayanmalıdırlar.
2. Bu Qaydaların II bölməsində
adları çəkilən sənədlər təqdim olunduqdan sonra gömrük əməkdaşları
aşağıdakı əməliyyatları həyata keçirirlər:
- Azərbaycan Respublikasına gətirilməsi qadağan
olunan malların respublika ərazisindən keçirilməməsi məqsədi
ilə mallara baxış keçirir və bu cür mallar aşkar edildikdə müvafiq
tədbirlər həyata keçirir;
- idxalına Azərbaycan Respublikasının müvafiq
orqanlarının icazəsi (lisenziyası) tələb olunan mallar müşahidə
olunduqda mal sahibindən və ya onun səlahiyyətli nümayəndəsindən
(agent) həmin sənədi tələb edir;
- zərurət olduqda hava gəmisinə, heyətinə və
onların şəxsi əşyalarına gömrük yoxlamasının keçirilməsi haqda
qərar qəbul edir:
- Yük cədvəlində göstərilən mallarla boşaldılacaq
mallar uyğun gəldikdə yüklərin hava gəmisinin bortundan boşaldılması
haqda qərar qəbul edir. Yük boşaldıldıqdan sonra gömrük orqanının
əməkdaşı yük (karqo) manifestində «yük boşaldıldı» qeydini edir,
tarix qoyur, şəxsi möhürü və imzası ilə təsdiq edir. Yüklərin
hava gəmisinin bortundan boşaldılması yalnız gömrük əməkdaşının
icazəsi ilə həyata keçirilir.
Yük boşaldıldıqdan sonra faktiki
boşalmış yerlərin sayının yük cədvəlində göstərilən yerlərin sayı
ilə uyğun gəlmədiyi halda gömrük orqanının əməkdaşı «yük boşaldıldı»
qeydinə əlavə olaraq «yer çatmadı (miqdarı)» və ya «yer artıqdır
(miqdarı)» ifadəsini əlavə edir, tarix qoyur və şəxsi saylı möhürü,
imzası ilə təsdiq edərək öz rəhbərliyinə bu haqda rəsmi məlumat
verir.
3. Hava gəmiləri hava limanlarına
endikdən sonra orada olan sərnişinlər xüsusi ayrılan sərhəd və
gömrük nəzarəti zonalarına hərəkət edirlər və sərnişinlərin baqajı
hava gəmisinin bortundan müəyyən olunmuş qaydada gömrük nəzarətinin,
gömrük rəsmiləşdirilməsinin aparılması üçün ayrılmış baxış zalına
yola salınır.
4. Hava gəmisindən bütün yüklər
boşaldıldıqdan və sərnişinlər endikdən sonra gömrük orqanının
əməkdaşı hava gəmisinə baxış keçirir.
5. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi
başa çatdıqdan sonra gömrük orqanının əməkdaşı Baş bəyannaməyə
hava gəmisinin gömrük rəsmiləşdirilməsinin başa çatmasını təsdiq
edən ştamp vurur, imza, tarix qoyur və öz şəxsi möhürü ilə təsdiqləyir.
Baş bəyannamə, yük cədvəli və yükə dair digər sənədlər gömrük
orqanının müvafiq bölməsinə verilir.
6. Boşaldılmış yüklərin gömrük
nəzarətinin aparılması və onların gömrük rəsmiləşdirilməsi mövcud
qanunvericiliyə və DGK-nın qəbul etdiyi normativ-hüquqi aktlara
uyğun olaraq həyata keçirilir.
IV. Azərbaycan Respublikasının gömrük ərazisindən
gedən hava gəmilərinin və onlarla daşınan yüklərin üzərində gömrük
nəzarətinin və gömrük rəsmiləşdirilməsinin aparılması
1. Yüklərin hava gəmisinə yüklənməsi
həmin yüklərə dair sənədlərdə gömrük orqanının yüklərin buraxılmasına
dair müvafiq qeydiyyatı olduğu və gömrük orqanının əməkdaşına
təqdim edildiyi təqdirdə icazə verilir.
2. Azərbaycan Respublikasının
ərazisindən gedən hava gəmisinin komandiri və yaxud agent uçuşa
ən azı 1 saat qalmış gömrük orqanına aşağıdakı sənədləri təqdim
edir:
- Baş bəyannamə – 2 nüsxə;
- Yük (karqo) manifesti – 2 nüsxə və yükə aid
olan sənədlər;
2.1. Uçuşa 30 dəqiqə qalmış Sərnişin
cədvəli təqdim edilir.
3. Uçuşa ən azı iki saat qalmış
xaricə uçan sərnişinləri hava limanlarının rəhbərliyi gömrük nəzarəti
zonalarına gəlmələri barədə məlumatlandırır.
4. Sərnişinlərin baqajı müəyyən
olunmuş qaydada gömrük nəzarətindən, gömrük rəsmiləşdirilməsindən
keçirildikdən sonra hava gəmisinin bortuna yüklənir.
5. Hava gəmisi uçuşa hazırlanarkən
gömrük əməkdaşı aşağıdakı əməliyyatları həyata keçirir:
- gömrük məqsədi üçün rəsmiləşdirilmiş yük gömrük
bəyannamələri üzrə aparılan malların sənədlərini yoxlayır;
- gömrük qanunvericiliyində nəzərdə tutulmuş
qaydada faktiki təqdim olunan malın sənədlərdə bəyan olunmuş
məlumatla uyğunluğunu yoxlayır;
- şübhə doğuran hallarda aparılan mallara təkrar
gömrük baxışı keçirilməsinin labüdlüyü haqqında qərar qəbul
edir;
- Azərbaycan Respublikasının gömrük ərazisindən
aparılması qadağan olunmuş mallar aşkar edildikdə, onların hava
gəmisinin bortuna yüklənməsinin qarşısını alır və müvafiq tədbirlər
həyata keçirir;
- yüklərin sayının yük cədvəlində bəyan olunmuş
yer saylarına uyğunluğunu yoxlayır;
- gömrük orqanının əməkdaşı yük cədvəlinin «yalnız
xidməti qeydlər üçün» qrafasında «yüklənməyə icazə verilir»
qeydini edir, tarix göstərilməklə imzası və şəxsi möhürü ilə
təsdiq edir.
Yüklərin hava gəmilərinə yüklənməsi
gömrük nəzarəti altında həyata keçirilir. Gömrük orqanının əməkdaşı
yük cədvəlində bəyan olunmuş yüklərin yer saylarını hava gəmisinə
yüklənmiş yüklərin yer sayları ilə uyğunluğunu yoxlayır, yükləmə
başa çatdıqdan sonra yük cədvəlində «Mal yüklənmişdir» qeydi aparmaqla,
tarix qoyaraq, imza və şəxsi möhürü ilə təsdiq edir.
6. Gömrük nəzarəti gömrük rəsmiləşdirilməsi
başa çatdıqdan sonra gömrük əməkdaşı Baş bəyannaməyə bu əməliyyatları
təsdiq edən ştamp vurub tarix qoyur, imza və şəxsi möhürü ilə
təsdiq edir. Yükləmə qurtardıqdan sonra Baş bəyannamə hava gəmilərinin
gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətini aparan gömrük orqanının
bölməsinə verilir.
7. Müntəzəm olmayan reyslərlə
uçan hava gəmisinin uçuşuna ən azı 3 saat qalmış beynəlxalq hava
limanının rəhbərliyi bu haqda gömrük orqanını məlumatlandırır
və yuxarıda qeyd olunan prosedurları həyata keçirir.
V. Hava gəmilərinin Azərbaycan Respublikasının gömrük
ərazisinə texniki enməsi zamanı gömrük rəsmiləşdirilməsi və gömrük
nəzarəti
1. Hava gəmilərinin respublikanın
gömrük ərazisinə texniki enməsi zamanı, enməyə ən azı bir saat
qalmış hava limanlarının rəhbərliyi tərəfindən bu haqda gömrük
orqanlarına məlumat verilir.
2. Texniki enmə yerində yerləşən
hava gəmisinin bortunda olan mallar boşaldıldığı və yükləndiyi
təqdirdə gömrük orqanı onların gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini
həyata keçirir.
3. Texniki enmə zamanı gömrük
orqanlarının əməkdaşları aşağıdakı əməliyyatları həyata keçirirlər:
- Hava gəmisinin bortunda olan yüklə hər hansı
bir əməliyyatların aparılmamasını təmin edirlər;
- Qadağan olunmuş malların Azərbaycan Respublikasının
ərazisindən keçirilməməsi üçün gəminin bortunda olan malların
nomenklaturasını – çeşidini yoxlayırlar;
- Azərbaycan Respublikası ərazisində idxalı,
ixracı qadağan olunmuş malların gəmi bortunda ola biləcəyi haqda
kifayət qədər əsas olduqda hava gəmisinin gömrük yoxlamasını
aparır və müvafiq tədbirlər həyata keçirirlər;
- Baş bəyannamədə ştamp vurur, tarix göstərilməklə
imza edir və şəxsi möhürü ilə təsdiqləyərək texniki enmənin
məqsədini göstərirlər.
VI. Azərbaycan Respublikası gömrük ərazisində bir
neçə enməni həyata keçirən hava gəmilərinin gömrük rəsmiləşdirilməsi
və onların üzərində gömrük nəzarətinin aparılması xüsusiyyətləri
1. Beynəlxalq hava marşrutu ilə
uçan hava gəmisinin Azərbaycan Respublikasının gömrük ərazisində
bir neçə enmə ilə həyata keçirilən marşrutu zamanı gömrük nəzarətinin
və gömrük rəsmiləşdirilməsinin aparılması bu Qaydaların II və
III bölmələrinin müddəalarına uyğun olaraq keçirilir.
Bu zaman hava gəmisinin bortunda
olan mallar ilk enmə məntəqəsində tranzit gömrük rejimi altında
yerləşdirilir. İlk enmə gömrük orqanında tranzit rejimi müvafiq
qaydada nəzarətə götürülür və bu haqda təyinat gömrük orqanı məlumatlandırılır.
Hava gəmisi Azərbaycan Respublikasının
gömrük ərazisində kommersiya məqsədi ilə bir enməni həyata keçirirsə,
bu halda gəmi bortunda olan malların tranzit bəyannaməsi ilə rəsmiləşdirilməsi
aparılmır.
Enmə başa çatdıqdan sonrakı 2
saat müddətində enmə yerində yerləşən gömrük orqanı hava gəmisinin
əvvəlki enmə yerində yerləşən gömrük orqanını gəminin enmə faktı,
tarixi və enmə vaxtı göstərməklə məlumatlandırır.
VII. Transfer
1. Azərbaycan Respublikasının
gömrük ərazisi ilə tranzit keçən hava gəmilərinin dayanacaq yerlərindən
aviaqaimə ilə mallar transfer (yükləmə) məntəqələrinə gətirilərək
bir hava gəmisinin bortundan digərinin bortuna, faktiki olaraq
onların müvəqqəti saxlanc anbarına yerləşdirilmədən yuklənməsinə
icazə verilə bilər. Bu halda yükləmə gömrük orqanı əməkdaşının
iştirakı ilə həyata keçirilir.
İcazə yalnız yüklənmiş malların
Azərbaycan Respublikası gömrük ərazisinin hüdudlarından kənara
aparıldığı təqdirdə verilir.
Transferin rəsmiləşdirilməsi gömrük
qanunvericiliyində nəzərdə tutulmuş qaydalara müvafiq olaraq həyata
keçirilir.
2. Transfer (yükləmə) planlaşdırılanda
səlahiyyətli agent nəzərdə tutulan yükləmə tarixinə ən azı bir
gün qalmış gömrük orqanına imza və möhürlə təsdiqlənmiş aşağıdakı
məlumatları əks etdirən ərizə təqdim edir:
- yükləmə tarixi;
- hava gəmilərinin reys, qeydiyyat nömrələri,
daşıyıcıların adı;
- malın göndərildiyi ölkə və malın təyinat ölkəsi;
- yüklənən malların adı, çəkisi və dəyəri.
3. Malların transferinə dair icazə
və ya qadağa gömrük orqanının rəisinin və onu əvəz edən şəxsin
ərizə üzərindəki dərkənarı əsasında rəsmiləşdirilir.
VIII. Məcburi enmə
1. Hava gəmisinin beynəlxalq hava
daşımaları üçün açıq olmayan hava limanlarında fövqəladə hallar
və ya anlaşılmazlıq nəticəsində plandan kənar enməsi hallarında
hava limanının rəhbərliyi enmə yerinə yaxın yerləşən gömrük orqanını
məlumatlandırır və gömrük orqanının əməkdaşı gələnə qədər hava
gəmisinə icazəsiz yanaşmaya qarşı tədbirlər görür.
Bu bəndin tələblərinə yalnız fors-major
hallarında (qəza, bədbəxt hadisə zamanı insanlar, hava gəmisi,
mallar üçün təhlükəli şərait yarandıqda və s.) riayət olunmur.
2. Məcburi enmə hallarında gömrük
rəsmiləşdirilməsi və gömrük nəzarəti üzrə sonrakı hərəkətlər (uçuşun
yerinə yetirilməsi mümkün olmadığı hallar da daxil olmaqla) bu
Qaydalara uyğun olaraq həyata keçirilir.
IX. Yekun müddəalar
1. Hava gəmilərinin gömrük rəsmiləşdirilməsinin
və onlara gömrük nəzarətini həyata keçirən gömrük orqanının əməkdaşları
«Hava gəmilərinin uçub gəlmə-uçub getmələrinin qeydiyyat jurnalı»nda
(Əlavə 1) uçuşun təyinatından asılı olaraq (əgər yük daşımaları
həyata keçirilirsə) yüklər haqqında müvafiq qeydlər aparırlar.
2. Hava gəmilərinin gömrük rəsmiləşdirilməsi
və ona gömrük nəzarətinin aparılması zamanı gömrük hüquqpozmalarının
əlamətləri aşkar olunan hallarda gömrük orqanının əməkdaşı tərəfindən
Azərbaycan Respublikası Gömrük Məcəlləsi və digər normativ-hüquqi
aktlarda nəzərdə tutulan tədbirlər həyata keçirilir.
3. Bu Qaydalarda nəzərdə tutulmuş
müddəaların və tələblərin pozulmasına görə məsuliyyət Azərbaycan
Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.
Əlavə 1
Hava gəmilərinin uçub gəlmə/uçub
getmələri üzrə
Qeydiyyat kitabı
Sıra ¹-si
|
Uçub gəlmə/uçub getmə tarixi
|
Reys ¹
|
Hava gəmisinin tipi
|
Bort nömrəsi
|
Uçuşun təyinatı haqqında
məlumat
|
Gömrük əməkdaşının s.a.a.
şəxsi saylı möhürün nömrəsi
|
Qeyd
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti
Orqanlarının Normativ Hüquqi Aktlarının Bülletenində dərc edilmişdir
(2002-ci il, ¹ 8-9, səh. 15) («AzerSoft»).
© AzerSoft