Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində qeydə alınmışdır
Qeydiyyat №-si 2826
29.04.2002-ci il
Nazir
                  F. MƏMMƏDOV
«TƏSDIQ EDİLMİŞDİR»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr № 035
22 aprel 2002-ci il
Sədr
                  K. HEYDƏROV

«Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ikikanallı buraxılış sistemindən istifadəsi zamanı («Yaşıl kanal» və «Qırmızı kanal») bəyan edilmənin sadələşdirilmiş Qaydaları»


1. Ümumi müddəalar.


  1.1. Bu Qaydalar fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük rəsmiləşdirilməsini təkmiləşdirməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi prosedurlarını sadələşdirmək, gömrük məntəqələrinin buraxılış qabiliyyətini artırmaq məqsədi ilə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 166 və 176 maddələri, Azərbaycan Respublikasının gömrük işi üzrə digər qanunvericilik aktları əsasında işlənib hazırlanmışdır.
  1.2. Bu Qaydalarda aşağıdakı əsas terminlər işlədilir:
  mallar - istənilən daşınan əmlak, o cümlədən valyuta, valyuta sərvətləri və nəqliyyat vasitələri (sərnişinlərin və malların beynəlxalq daşınmaları üçün istifadə olunan istənilən vasitələr, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlıqlar istisna olmaqla);
  rezident fiziki şəxslər - Azərbaycan Respublikasında daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikası hüdudlarından kənarda müvəqqəti qalan fiziki şəxslər;
  qeyri-rezident fiziki şəxslər - Azərbaycan Respublikası hüdudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti qalan fiziki şəxslər;
  gömrük rəsmiləşdirilməsi - Gömrük Məcəlləsinin müddəalarına və tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müəyyən gömrük rejimi altında yerləşdirilməsi prosedurası və bu rejimin fəaliyyətinin başa çatması;
  buraxılış məntəqələri - gömrük sərhədində beynəlxalq rabitələr (beynəlxalq uçuşlar) üçün açıq olan dəmir yol və avtomobil keçidlərinin, dəniz və çay limanlarının, hava limanlarının və aerodromların əraziləri, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsinə gömrük və başqa nəzarət növləri həyata keçirilən digər xüsusi təchiz edilmiş yer;
  müşaiyət olunan baqaj - Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslərin özləri tərəfindən keçirilən mallar;
  konklyudent bəyanetmə forması - elə bəyanetmə formasıdır ki, bu zaman fiziki şəxs tərəfindən onun əl yükündə və müşaiyət olunan baqajında bəyan edilməsi zəruri olan malların olması müəyyən olunmuş yazılı forma doldurulmadığı təqdirdə bu hal həmin şəxsin özündə belə malların olmadığını əks etdirən bir hal kimi başa düşülür;
  digər anlayışlar Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir.

2. Sadələşdirilmiş bəyanetmə qaydasının həyata keçirilməsi və onun formaları.


  2.1. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının gömrük sərhəd məntəqələrində ikikanallı buraxılış sistemi tətbiq edilir: «Yaşıl kanal» və «Qırmızı kanal».
  2.2. «Yaşıl kanal» fiziki şəxslər tərəfindən malların (müşaiyət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) konklyudent formada bəyan edilməsi üçün nəzərdə tutulur. Konklyudent bəyanetmə forması fiziki şəxslər tərəfindən müşaiyət olunan baqajda və əl yükündə keçirilən mallara şamil edilir, o şərtlə ki:
  a) bu malların miqdarı və dəyəri Azərbaycan Respublikasının qüvvədə olan gömrük qanunvericiliyi ilə həmin malların gömrük ödənişləri alınmadan keçirilməsinə yol verilən miqdar və dəyərindən artıq olmasın;
  b) həmin mallara Azərbaycan Respublikasının quvvədə olan gömrük qanunvericiliyinə uyğun olaraq qadağalar və ya məhdudiyyətlər qoyulmasın;
  2.3. Fiziki şəxslər «Yaşıl kanal»ı keçdikdə yazılı formada gömrük bəyannaməsi doldurulmur və verilmir.
  2.4. «Yaşıl kanal»da gömrük nəzarəti seçmə üsulu ilə aparılır. Zərurət olduqda gömrük orqanının vəzifəli şəxsləri «yaşıl kanal»da gömrük nəzarətinin Azərbaycan Respublikasının gömrük qanunvericiliyi ilə nəzərdə tutulmuş istənilən formasını tətbiq edə bilərlər. «Yaşıl kanal»da gömrük nəzarətinin ayrı-ayrı formalarının tətbiq edilməməsi, fiziki şəxsləri Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsindən azad etmir.
  2.5. «Qırmızı kanal» malların yazılı formada bəyan edilməsi üçün nəzərdə tutulur. Mütləq yazılı surətdə bəyan edilməli olan malların siyahısı qüvvədə olan normativ-hüquqi sənəd əsasında müəyyən edilir.
  2.6. Yazılı gömrük bəyannaməsinin qəbulu və rəsmiləşdirilməsi qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilir.

3. «Yaşıl kanal» və «Qırmızı kanal» — ikikanallı buraxılış sisteminin yaradılması və tədbiqi üçün şərtlər.


Sistemi tətbiq edilməklə gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi müəyyən.
  3.1. «Yaşıl kanal» və «Qırmızı kanal» - iki kanallı buraxılış sistemi tətbiq edilməklə gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi müəyyən edilmiş gömrük nəzarəti zonaları hüdudlarında xüsusi olaraq bunun üçün ayrılmış yerlərdə həyata keçirilir.
  3.2. Gömrük nəzarəti zonaları «Gömrük nəzarəti zonalarının yaradılması və onların nişanlanması Qaydaları»na uyğun olaraq müəyyən edilir.
  3.3. İkikanallı buraxılış sisteminin tətbiqi üçün aşağıdakılar ayrılır:
  a) konklyudent formada bəyanetmənin həyata keçirilməsi üçün ən azı bir keçid «Yaşıl kanal»;
  b) yazılı formada bəyanetmə üçün ən azı bir keçid «Qırmızı kanal». Keçidlərin ümumi sayı bu Qaydaların 3.1. bəndinə uyğun olaraq müvafiq gömrük orqanı tərəfindən sərnişin axını və mövcüd imkanlar nəzərə alınmaqla müstəqil surətdə müəyyən edilir.
  3.4. Hər bir kanala doğru hərəkət istiqaməti və hər bir kanala giriş dəqiq işarələnməli və asan fərqləndirilməlidir. Kanalların istiqaməti imkan dərəcəsində elə müəyyən edilir ki, gömrük nəzarəti və rəsmiləşdirilməsindən keçdikdən sonra fiziki şəxslərin kanallara giriş yerindən və onlardan çıxış yerindən axını düz xətt üzrə keçsin. Azərbaycan Respublikasının ərazisinə gəlmə zamanı baqaj verilmə yeri ilə kanallara girişlər arasındakı məsafə (toplanma zonası) fiziki şəxsin çətinlik çəkmədən müvafiq kanalı seçə və ona daxil ola bilməsi üçün yetərli olmalıdır.
  3.5. «Qırmızı kanal»a giriş ağ fonda qırmızı rəngli kvadrat şəklində xüsusi qrafik simvolla, habelə azərbaycan və ingilis dillərində aşağıdakı məzmunlu yazılarla işarələnir: «Qırmızı kanal» («Red channel») və «Mütləq yazılı sürətdə bəyan edilməli olan mallar» («Goods to declare»). Yazılar qırmızı rənglə ifa edilir.
  3.6. «Yaşıl kanal»a giriş ağ fonda yaşıl rəngli səkkizbucaqlı şəklində xüsusi qrafik simvolla, habelə azərbaycan və ingilis dillərində aşağıdakı məzmunlu yazılarla işarələnir: «Yaşıl kanal» («Green channel») və «Yazılı bəyan edilməli olan mallar yoxdur» («Nothing to declare»). Yazılar yaşıl rənglə ifa edilir.
  3.7. «Yaşıl kanal»a giriş yeri eni 50 sm-dək olan yaşıl xətlə işarələnir. Malların göstərilən xətdən keçirilməsi həmin şəxsin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirdiyi malların mütləq yazılı formada bəyan edilməli olan mallara aid olmadığını bildirilməsi kimi qiymətləndirilir.
  3.8. «Yaşıl kanal»dan çıxış yeri eni 50 sm-dək olan yaşıl rəngli xətlə işarələnir.
  3.9. Fiziki şəxsin «Yaşıl kanal»ın son xəttindən keçməsi, onun gətirildiyi, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikləri zaman mütləq yazılı bəyan edilmələri tələb olunmayan malların gömrük rəsmiləşdirilməsinin başa çatmasını bildirir. Bu cür mallar buraxılmış mallar hesab edilir.

4. «Yaşıl kanal» və «Qırmızı kanal» — ikikanallı sistemdən istifadə zamanı gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi qaydası.


  4.1. İkikanallı sistemdən istifadə edilərkən Azərbaycan Respublikasının ərazisində gömrük güzəştlərindən istifadə edən fiziki şəxslər üçün xüsusi keçidlər istisna edilir. Bu Qaydalar əsasında bu cür fiziki şəxslərə «Yaşıl kanal» və ya «Qırmızı kanal» vasitəsi ilə gömrük nəzarətindən və gömrük rəsmiləşdirilməsindən keçməyi seçmək hüququ verilir.
  4.2. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq açılmış, rəsmi nümayəndə heyətləri zallarında, habelə ikikanallı buraxılış sistemi qoyulması üçün şərait olmayan gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi yerlərində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların bəyan edilməsi xüsusi olaraq bunun üçün müəyyən edilmiş yerlərdə (gömrük nəzarəti zonalarında) həyata keçirilir.
  4.3. Fiziki şəxslər tərəfindən müşaiyət olunmayan baqajda keçirilən malların bəyan edilməsi qüvvədə olan normativ-hüquqi sənədlərə uyğun həyata keçirilir.
  4.4. Sərhəd rayonunda yaşayan eyni fiziki şəxs tərəfindən eyni şəxsin nəqliyyat vasitəsində Azərbaycan Respublikasının gömrük sərhədindən müntəzəm keçirilən malların bəyyan edilməsi qüvvədə olan gömrük qanunvericiliyi əsasında həyata keçirilə bilər.

5. Məlumat zonasının yaradılması və təşkili.


  5.1. Fiziki şəxs tərəfindən bəyanetmə formasının (konklyudent, yazılı) və müvafiq buraxılış kanalının şüurlu sürətdə seçilməsi üçün bilavasitə ikikanallı buraxılış sisteminin önundə məlumat zonası müəyyən edilir.
  5.2. Məlumat zonasının təşkili buraxılış məntəqəsində bilavasitə gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini icra edən gömrük orqanı tərəfindən həyata keçirilir.
  5.3. Məlumat zonasında fiziki şəxslərə zəruri məsləhət yardımı göstərilməsi, həmçinin əməliyyat işinin həyata keçirilməsi üçün bu Qaydaların 5.2. bəndində göstərilən gömrük orqanı aşağıdakıları təşkil edir:
  a) kifayət qədər əməli iş təcrübəsi olan vəzifəli şəxslərin növbətçiliyini:
  b) Azərbaycan Respublikasının qüvvədə olan gömrük qanunvericiliyindən və bu Qaydalardan çıxarışlar olan stendlər.
  5.4. Bu Qaydaların 5.3. «b» bəndində adı çəkilən məlumat materiallarına zəruri dəyişiklər vaxtlı - vaxtında bu Qaydaların 5.2. bəndində göstərilən gömrük orqanı tərəfindən edilir.
  5.5. Gömrük qaydaları və ikikanallı buraxılış sisteminin tətbiqi qaydası haqqında məlumatın əvvəlcədən yayılması Qaydaların 5.2. bəndində göstərilən gömrük orqanı, nəqliyyat təşkilatları, turizm agentlikləri və digər əlaqədar şəxslər vasitəsi ilə həyata keçirə bilər.

6. Bəyan edilmənin sadələşdirilmiş qaydasının pozulmasına görə məsuliyyət.


  6.1. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların düzgün bəyan edilməməsi, yəni fiziki şəxslər tərəfindən müəyyən edilmiş yazılı və ya konklyudent formada mallar barədə doğru məlumatların bəyan edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə səbəb olur.
  6.2. Hüquqa zidd qərarlara, hərəkətlərə və ya hərəkətsizliyə görə Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri və digər işçiləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq intizam, inzibati, cinayət və ya digər məsuliyyət daşıyırlar.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb