Mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılmasının məhdudlaşdırılması nə məqsədlə həyata keçirilir?
Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi, Azərbaycan Respublikası suverenliyinin iqtisadi əsaslarının müdafiəsi, daxili bazarın qorunması baxımından, həmçinin xarici dövlətlərin və onların ittifaqlarının Azərbaycan şəxslərinin mənafeyinə zərər vuran ayrıseçkilik və digər iqtisadi siyasət aksiyalarına qarşı cavab tədbiri kimi, Azərbaycan Respublikasının qanunvericilik aktlarına və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun surətdə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması üzrə məhdudiyyətlər müəyyən edilə bilər. Göstərilən məhdudiyyətlər müəyyən edildikdə onların təsiri altına düşən malların və nəqliyyat vasitələrinin buraxılışı yalnız Azərbaycan Respublikasının qanunvericilik aktlarında və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində müəyyən edilən tələblərə riayət edilməsi şərti ilə Azərbaycan Respublikası gömrük orqanları tərəfindən həyata keçirilir.