Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Tütün və tütün məmulatı haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında tütünün və tütün məmulatının istehsalı, ticarəti, idxalı, ixracı və istehlakı ilə bağlı münasibətləri tənzimləyir və keyfiyyətinin idarə edilməsinin hüquqi əsaslarını müəyyən edir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. tütün — yarpağı emal olunduqdan sonra tütün məmulatının istehsalında əsas xammal kimi istifadə edilən birillik texniki bitki;

1.0.2. tənbəki — yarpağı çubuqla çəkilən birillik texniki bitki;

1.0.3. fermentləşdirilmiş tütün — tütün məmulatının istehsalı üçün təbii və texnoloji prosesi keçmiş tütün yarpağı;

1.0.4. tütün məmulatı — tütün yarpağından çəkmək üçün hazırlanmış, tərkibində nikotin, tütün qatranı və digər maddələr olan və nikotinə aludəlik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar və çubuq tütünü);

10.5. nikotin — tütün və tənbəki yarpağında və tüstüsündə mövcud olan alkoloidlər qrupuna aid maddə;

1.0.6. tütün qatranı - yarımaye, qazabənzər tüstü kondensatı;

1.0.7. inqrediyent — tütünə qatılan tamlı maddələr, tütün və qeyri-tütün tərkibli əlavələr, habelə tütün məmulatının istehsalında istifadə olunan qeyri-tütün komponentləri;

1.0.8. tamlı maddə — tütün məmulatına xüsusi dad və ətir verilməsi üçün tütünə əlavə olunan qeyri-tütün maddələri;

1.0.9. qeyri-tütün komponentləri — tütün məmulatının istehsalında istifadə edilən siqaret kağızı, mürəkkəb, yapışqan maddələr, filtrlər, habelə tütündən fərqli olan hər hansı digər hissələr;

1.0.10. dövriyyə — sənaye emalını keçmiş tütünün, habelə tütün məmulatının satın alınması (o cümlədən idxalı), göndərilməsi (o cümlədən ixracı), saxlanması, topdan və pərakəndə satışı.

Maddə 2. Tütün və tütün məmulatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Tütün və tütün məmulatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və bu Qanunla əlaqədar qəbul edilmiş normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının digər qanunvericiliyindən ibarətdir.

2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə tütün və tütün məmulatına dair münasibətlərin tənzimlənməsi və keyfiyyətinin idarə edilməsi barədə müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.

Maddə 3. Tütünə və tütün məmulatına dair dövlət siyasətinin istiqamətləri

Tütünə və tütün məmulatına dair dövlət siyasətinin əsas istiqamətləri tütün istehsalı sahəsində fəaliyyətin qiymətli və yüksək keyfiyyətli tütün məhsulunun yetişdirilməsinə, tütünün və tütün məmulatının ixracının artırılmasına, daxili tütün məmulatı bazarının qorunmasına, idxal olunan tütün xammalının yerli xammalla əvəz edilməsinə yönəldilməsi və əhalinin tütün məmulatının zərərli təsirindən qorumaq tədbirlərinin gücləndirilməsidir.

Maddə 4. Tütünün və tütün məmulatının istehsalının və dövriyyəsinin dövlət tənzimlənməsi

4.0. Tütünün və tütün məmulatının istehsalının və dövriyyəsinin dövlət tənzimlənməsi aşağıdakıları nəzərdə tutur:

4.0.1. tütünün və tütün məmulatının keyfiyyətinin, istehsalının və dövriyyəsinin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul etmək;

4.0.2. tütün və tütün məmulatı bazarını öyrənmək, proqnozlar vermək, dövlət proqramı əsasında tütünçülüyün inkişafının əsas istiqamətlərini və tənzimlənmə mexanizmlərini müəyyənləşdirmək;

4.0.3. qiymətli və keyfiyyətli tütün məhsulunun yetişdirilməsinə və emalına dair aqrotexniki və texnoloji normalar müəyyən etmək;

4.0.4. tütün istehsalçılarının fəaliyyətini stimullaşdırmaq və sosial müdafiəsini təmin etmək;

4.0.5. tütün məmulatı istehsalı və dövriyyəsi sahəsində sahibkarlıq fəaliyyətinin xüsusi icazə verilməsinin qaydalarını müəyyən etmək;

4.0.6. daxili istehsal nəzərə alınmaqla idxal olunan tütün məmulatını kvotalaşdırmaq;

4.0.7. tütün məmulatına dair aksiz vergilərinin dərəcələrini və tətbiqi qaydalarını müəyyən etmək;

4.0.8. tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətini həyata keçirmək;

4.0.9. tütün məmulatının istehlakının məhdudlaşdırılmasına yönəldilmiş sağlamlıq proqramları hazırlamaq və icrasını təmin etmək;

4.0.10. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

II fəsil. Tütünçülüyün təşkilinin iqtisadi əsasları

Maddə 5. Tütün istehsalı

5.1. Azərbaycan Respublikasında əmtəəlik tütün istehsalı üçün dövlət standartlarının tələblərinə cavab verən rayonlaşdırılmış tütün sortlarının toxumlarından istifadə edilməlidir.

5.2. Super elit tütün toxumlarının istehsalı müvafiq elmi-tədqiqat müəssisələrinin təcrübə bazalarında, elit və yüksək reproduksiyalı toxumların istehsalı isə ixtisaslaşdırılmış təsərrüfatlarda müqavilə əsasında həyata keçirilir.

5.3. Tütün toxumları istehsalçıları onların sort tərkibinin təmizliyinə, sortluq və səpin keyfiyyətinə, təbii-iqlim şəraitinə uyğunlaşmasına və fitosanitar vəziyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

5.4. Tütünün becərilməsi, dərilməsi, düzülməsi, qurudulması və ilkin emalı normativ sənədlərə və texnoloji normalara uyğun olaraq həyata keçirilir.

Maddə 6. Tütünün emalı

6.1. Tütünün təbii və sənaye emalı texniki normalara uyğun olaraq tütün emalı müəssisələri tərəfindən həyata keçirilir.

6.2. Təbii və sənaye emalı keçmiş tütün normativlərə uyğun olaraq qablaşdırılır, etiketləşdirilir və sertifikatlaşdırılır.

Maddə 7. Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə dövlət proqramı

7.1. Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə dövlət proqramı Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsini, ənənəvi yetişdirilən botaniki tütün sortlarının ətirli tütün sortları ilə optimal nisbətdə əvəz edilməsini, istehsal olunan məhsulun keyfiyyətinin təmin olunması məqsədini daşıyır və aşağıdakıları nəzərdə tutur:

7.1.1. müəyyənləşdirilmiş tələbat əsasında tütün sortları toxumlarının ölkəyə gətirilməsini və istehsalının təşkilini;

7.1.2. tütün istehsalçılarına və tütün emalı müəssisələrinin mütəxəssislərinə yeni sortların becərilməsi və emalı texnologiyalarının öyrədilməsini;

7.1.3. tütünçülüyün müasir texnika ilə və texnoloji avadanlıqla təchiz olunması tədbirlərini;

7.1.4. proqramda nəzərdə tutulan məsələlərin maliyyə mənbələrinin müəyyən edilməsini, habelə bu sahəyə investisiyanın cəlb edilməsi tədbirlərini.

7.2. Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə dövlət proqramı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və həyata keçirilməsi təmin edilir.

Maddə 8. Tütünçülüyün inkişafı üzrə iqtisadi tənzimlənmə tədbirləri

8.1. Tütünçülük sahəsində elmi-tədqiqat və sort-sınaq işlərinin aparılması dövlət büdcəsi və cəlb olunan digər vəsaitlər hesabına maliyyələşdirilir.

8.2. Qiymətli və keyfiyyətli tütünün istehsalını stimullaşdırmaq məqsədilə tütün istehsalçılarına və tütün emalı müəssisələrinə azı bir il müddətinə verilən güzəştli kreditlər üzrə güzəşt məbləği sahibkarlığa yardım fondunun və bu kimi digər proqramların vəsaiti hesabına ödənilir. Belə kreditlər hesabına həyata keçirilən layihələr çərçivəsində becərilən tütün əkinlərinin (məhsulun) təbii fəlakətdən sığortalanması büdcə vəsaiti hesabına aparılır.

8.3. Məqsədli kreditlərin verilməsi, qaytarılması və tütün əkinlərinin (məhsulunun) sığortalanması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 9. Tütün istehsalçılarına dövlət himayəsi

9.1. Azərbaycan Respublikasında istehsal olunan tütün məhsulundan tütün məmulatının istehsalı dövlət tərəfindən stimullaşdırılır.

9.2. Tütün istehsalçıları ilə uzunmüddətli müqavilə əsasında kooperasiya əlaqələri quran, onlara resurslarla yardım edən və məhsullarını istehsal olunduğu ilin sonuna qədər satın alan tütün emalı müəssisələrinə məqsədli kreditlər alınmasında üstünlük hüququ verilir.

9.3. Tütünçülükdə mütərəqqi texnikanın və texnologiyanın tətbiqini təmin etmək məqsədilə lizinq əsasında texniki xidmətin, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə təchizatın təşkili sahəsində sahibkarlıq fəaliyyəti stimullaşdırılır.

9.4. Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

III fəsil. Tütün məmulatının istehsalı

Maddə 10. Tütün məmulatının istehsalına dair tələblər

10.1. Tütün məmulatının istehsalçıları tütün qarışığını bilavasitə müəssisədə hazırlamalı və qüvvədə olan normativlərə uyğun olaraq nizamlanan həcmdə yerli xammaldan istifadə etməlidirlər.

10.2. Tütün məmulatının istehsalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi razılıq əsasında həyata keçirilir.

Maddə 11. Tütün məmulatının tərkibində olan inqrediyentlərin açıqlanması

11.1. Azərbaycan Respublikasında istehsal olunan tütün məmulatının tərkibində istifadə edilən inqrediyentlərin tam siyahısı istehsalçılar tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edilən hesabatda əks etdirilir. Siyahıda hər növ tütün məmulatı (məhsul markası) üzrə onun adı və tərkibindəki inqrediyentlərin miqdarı azalma qaydasında açıqlanır.

11.2. İnqrediyentlərin tam siyahısında hər bir inqrediyentin funksiyası və həddi keçməyən miqdarının səviyyəsi göstərilməlidir.

11.3. Siyahıda hər məhsul markasının növünə nadir xüsusiyyətlər verən tamlı maddələr ayrılıqda açıqlanmaya və «təbii» və (və ya) «süni» tamlı maddələr kimi qruplaşdırıla bilər.

11.4. Müvafiq icra hakimiyyəti orqanı istehsalçılardan məhsulun tərkibində olan inqrediyentlər barədə məlumatları istehlakçılara təqdim etməyi tələb edə və ya özü çatdıra bilər.

11.5. Tütün məmulatının tərkibində olan inqrediyentlər barədə hesabatın forması və təqdim edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 12. Tütün məmulatında nikotinin, tütün qatranının və karbon monoksidinin yuxarı həddi

12.1. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasında istehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatının tərkibində hər ədəd üçün nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarının yuxarı həddini respublikanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq müəyyən edir və bu normaların azaldılmasını tənzimləyir.

12.2. Tütün məmulatı istehsalçıları tərəfindən Azərbaycan Respublikasının ərazisində istehsal edilmiş və dövriyyəyə buraxılmış tütün məmulatının tərkibində olan nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanına məlumat təqdim edilməlidir.

12.3. Tütün məmulatının tərkibində olan nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş laboratoriyalarda istehsalçı tərəfindən və ya onun hesabına beynəlxalq metodologiya əsasında təhlil edilir və testləşdirilir.

12.4. Tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatın tərtibi və təqdim edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 13. Tütün məmulatı qutularının tərtibatı

13.1. Azərbaycan Respublikasının ərazisində istehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatı qutularının tərtibatı beynəlxalq standartların tələblərinə cavab verməlidir. Yazılar Azərbaycan dilində çap edilməlidir.

13.2. Tütün məmulatının istehlakının insanların səhhətinə zərəri haqqında xəbərdarlıq yazısının mətni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və siqaret qutusunun yan tərəflərinin birində aydın, seçilən (kontrast), qalın hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmalı, hər hansı nəşr materialı və ya təsvirlə örtülməsinə, gizlədilməsinə, qutunun açılması zamanı zədələnməsinə və ya arası kəsilməsinə yol verilməməlidir.

13.3. İstehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatının hər qutusunun üstündə nikotinin və tütün qatranının miqdarı, habelə məhsulun istehsal olunduğu tarix və onların 18 yaşına çatmamış şəxslərə satılmasının qadağan edilməsi göstərilməlidir.

13.4. İxrac edilən tütün məmulatı qutularının tərtibatı müqavilə şərtlərinə uyğun olaraq başqa dildə də aparıla bilər.

IV fəsil. Tütünün və tutün məmulatının dövriyyəsi

Maddə 14. Tütünün və tütün məmulatının idxalı və ixracı

14.1. Xarici dövlətlərdən Azərbaycan Respublikasına dövlət reyestrində qeydiyyata alınmış, müəyyən edilmiş qaydada verilmiş uyğunluq sertifikatı və ya onun tanınması barədə şəhadətnaməsi olan və bu Qanunla müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən tütün və tütün məmulatı idxal oluna bilər.

14.2. Fiziki şəxslər tərəfindən öz şəxsi istehlakı üçün Azərbaycan Respublikasına gətirilməsinə icazə verilən tütün məmulatının miqdarı müvafiq qanunvericiliklə müəyyən edilir.

14.3. Hüquqi və fiziki şəxslər tərəfindən tütünün və tütün məmulatının idxalına aşağıdakı hallarda yol verilmir:

14.3.1. xüsusi icazəsi olmadıqda;

14.3.2. tütünün və tütün məmulatının hər partiyası üçün qanunvericiliklə müəyyən edilən sertifikatları olmadıqda;

14.3.3. tütün məmulatı aksiz markası ilə markalanmadıqda;

14.3.4. tütün məmulatının qutusu üzərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri barədə xəbərdarlıq, nikotinin və tütün qatranının miqdarı haqqında yazıları Azərbaycan dilində olmadıqda;

14.3.5. qanunvericiliyə uyğun olmayan digər hallarda.

14.4. Tütünün və tütün məmulatının ixracı Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir.

Maddə 15. Tütünün və tütün məmulatının ticarəti

15.1. Azərbaycan Respublikasında keyfiyyət göstəriciləri normativ sənədlərin tələblərinə və gigiyenik normativlərə cavab verən, müvafiq sertifikatları olan tütün və tütün məmulatı ticarət dövriyyəsinə daxil edilə bilər.

15.2. Tütünün və tütün məmulatının ticarəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq topdan və pərakəndə satış formasında həyata keçirilir.

15.3. Tütünün və tütün məmulatının satışı aşağıdakı hallarda qadağan olunur:

15.3.1. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda;

15.3.2. tütün məmulatı aksiz markası ilə markalanmadıqda;

15.3.3. tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda;

15.3.4. tütün məmulatının qutusu üzərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri barədə xəbərdarlıq yazısı olmadıqda;

15.3.5. tütün məmulatının markalanması və qutularının tərtibatı müvafiq normativ sənədlərin tələblərinə uyğun aparılmadıqda;

15.3.6. 18 yaşına çatmamış şəxslərə satıldıqda;

15.3.7. avtomatlar vasitəsilə satıldıqda;

15.3.8. siqaret, papiros və siqarillalar ədədlə satıldıqda.

15.4. Zəruri hallarda tütün məmulatı satıcılarının alıcılardan onların yaşını təsdiq edən sənədi tələb etmək hüququ vardır.

15.5. Tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir.

15.6. Tütün məmulatının ticarəti yerlərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün məmulatından istifadənin məhdudlaşdırılmasına xidmət edən digər yazılar olmalıdır.

Maddə 16. Tütünün və tütün məmulatının dövriyyədən götürülməsi

16.1. Tütünün və tütün məmulatının qeyri-qanuni dövriyyədən götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

16.2. Tütün və tütün məmulatı dövriyyədən aşağıdakı hallarda götürülür:

16.2.1. qanuni istehsalı və dövriyyəyə daxil edilməsi barədə sənədləri olmadıqda;

16.2.2. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda;

16.2.3. tütün məmulatı aksiz markası ilə markalanmadıqda və ya saxta markalarla markalandıqda;

16.2.4. tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda;

16.2.5. tütün məmulatının tərkibinə daxil edilmiş inqrediyentlərin açıqlanmasına dair tələblər pozulduqda;

16.2.6. tütün məmulatı qutularının tərtibatı qanunvericiliklə müəyyən olunmuş qaydada aparılmadıqda;

16.2.7. məhsulun istehlak keyfiyyəti itirildikdə;

16.2.8. məhsulun sahibsiz olması müəyyən edildikdə;

16.2.9. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

16.3. Qeyri-qanuni dövriyyədən götürülmüş tütün və tütün məmulatı bu Qanunun 16.2.4-cü, 16.2.5-ci və 16.2.7-ci maddələrində göstərilən hallarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada müsadirə edilir və məhv olunur, digər hallarda isə müəyyənləşdirilmiş qaydada istifadə edilir.

V fəsil. Tütünün və tütün məmulatının keyfiyyətinin idarə edilməsi

Maddə 17. Tütünə və tütün məmulatına dair normativ sənədlər

17.1. Tütünə və tütün məmulatına dair normativ sənədlər onların istehsal, tədarük, emal, saxlanma, daşınma, qablaşdırma, markalanma və satış qaydalarını, şərtlərini və normalarını nizamlayan standartları və tələbləri müəyyən edir.

17.2. Azərbaycan Respublikasında istehsal edilən, habelə respublikaya gətirilən tütünün və tütün məmulatının keyfiyyət göstəriciləri qüvvədə olan normativ sənədlərin tələblərinə cavab verməlidir.

17.3. Tütünə və tütün məmulatına dair normativ sənədlərin tələblərinə əməl olunması bu sahədə sahibkarlıq fəaliyyəti göstərən bütün hüquqi və fiziki şəxslər üçün məcburidir.

Maddə 18. Tütünün və tütün məmulatının keyfiyyət göstəricilərinin qiymətləndirilməsi

18.1. Azərbaycan Respublikasında istehsal edilən və respublikaya gətirilən tütünün və tütün məmulatının tərkibi əmtəə dəyərliliyi, sinfi (dərəcəsi), çəkim keyfiyyəti, nikotin, tütün qatranı və karbon monoksidi göstəriciləri üzrə təhlil edilir və qiymətləndirilir.

18.2. Tütünün və tütün məmulatının tərkibində sağlamlıq üçün zərərli maddələrin miqdarı müvafiq qaydada təsdiq edilmiş gigiyenik normativlərə uyğun olmalıdır.

18.3. Tütün məmulatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət reyestrində gigiyena qeydiyyatına alınır.

18.4. Keyfiyyət göstəriciləri qiymətləndirilmiş tütün, habelə gigiyena qeydiyyatına alınmış tütün məmulatı müvafiq qaydada sertifikatlaşdırılır.

Maddə 19. Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarəti

19.1. Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin məqsədi hüquqi və fiziki şəxslər tərəfindən bu məhsulların istehsalını, tədarükünü, emalını, qablaşdırılmasını, saxlanmasını, daşınmasını, markalanmasını, satışını, idxalını və ixracını, habelə keyfiyyət göstəricilərini nizamlayan normativ sənədlərin tələblərinə və gigiyenik normativlərə əməl olunmasını təmin etməkdir.

19.2. Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla müəyyən edilir.

19.3. Bələdiyyələr, istehlakçılar və qeyri-hökumət təşkilatları tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə nəzarət funksiyalarını onların statusunu müəyyən edən qanunvericilik aktları ilə verilən səlahiyyətlər daxilində həyata keçirə bilərlər.

VI fəsil. Tütün məmulatının istehlakının azaldılmasına yönəldilmiş tənzimlənmə tədbirləri

Maddə 20. Tütün məmulatının satışında həvəsləndirmə üsullarının məhdudlaşdırılması

20.1. Tütün məmulatının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə məhsul satışında istehlakçıların həvəsləndirilməsi üçün aşağıdakı üsullardan istifadə edilməsi qadağan edilir:

20.1.1. Kütləvi informasiya vasitələrində çap olunmuş və ya elan verilmiş kupon sahiblərinə güzəştlərin tətbiq edilməsi;

20.1.2. tütün məmulatının və onların yeni nümunələrinin pulsuz paylanması və ya mükafat kimi verilməsi;

20.1.3. tütün məmulatının lotereya, müsabiqə, idman yarışları, oyunlar üçün mükafat kimi təklif edilməsi;

20.1.4. tütün məmulatının satışı və istehlakı ilə bağlı uduşlu (o cümlədən siqaret qutularının və hissələrinin yığılması ilə) oyunların keçirilməsi.

20.2. Tütün məmulatının istehsalçıları tütünün və tütün məmulatının reklamını əks etdirməyən sosial, mədəni və təhsil tədbirlərinin sponsorluğu və reklamı zamanı öz firma adlarından maneəsiz istifadə edirlər.

Maddə 21. Tütün məmulatının istehlakına dair məhdudiyyətlər

21.1. Azərbaycan Respublikasında aşağıda göstərilən yerlərdə siqaret çəkmək qadağandır:

21.1.1. tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda;

21.1.2. inzibati binalarda fərdi iş otaqları və siqaret çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla, iş yerlərində;

21.1.3. yüksək kateqoriyalı restoranlar, kafelər, barlar istisna olmaqla, ticarət, ictimai-iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə;

21.1.4. uzaq mənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün ictimai nəqliyyat növlərində.

21.2. Mehmanxanalarda siqaret çəkənlər üçün xüsusi yerlər ayrılmalıdır.

21.3. Müəssisə, idarə, təşkilat rəhbərləri və digər işəgötürənlər iş yerlərində siqaret çəkmək üçün xüsusi yerlər ayrılmasını və görünən yerlərdə «siqaret çəkmək qadağandır» xəbərdarlıq yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.

21.4. Tədris müəssisələri müvafiq icra hakimiyyəti orqanının razılığı ilə tədris proqramlarına tütün məmulatının istehlakının sağlamlığa zərərli təsiri barədə mövzular daxil etməlidirlər.

Maddə 22. Tütün məmulatının istehlakına nəzarət tədbirləri

22.1. Tütün məmulatının istehlakına nəzarət tədbirləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanır və həyata keçirilir. Tütün məmulatının istehlakına nəzarət tədbirləri dövlət ekoloji və sağlamlıq proqramlarının tərkib hissəsi olaraq dövlət büdcəsi və digər mənbələr hesabına maliyyələşdirilir.

22.2. Bələdiyyələr, istehlakçılar və qeyri-hökumət təşkilatları tütün məmulatının istehlakına nəzarət üzrə proqramlar hazırlaya, həyata keçirə və bununla əlaqədar müvafiq təkliflər irəli sürə bilərlər.

VII fəsil. Tütün və tütün məmulatı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli

Maddə 23. Tütün və tütün məmulatı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Tütün və tütün məmulatı haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 24. Tütün və tütün məmulatı haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan ziyanın ödənilməsi

24.1. Tütün və tütün məmulatı haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan ziyanın həcmi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

24.2. Vurulan ziyanın ödənilməsi təqsirkar olan şəxsləri qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətdən azad etmir.

Maddə 25. Mübahisələrin həlli

Tütün və tütün məmulatının istehsalı və dövriyyəsi ilə bağlı olan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

Maddə 26. Qanunun qüvvəyə minməsi

Bu Qanun 1 yanvar 2002-ci ildən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 8 iyun 2001-ci il

¹ 138-IIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (09 sentyabr 2001-ci il, ¹ 206) («AzerSoft»).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2001-ci il, ¹ 9, maddə 568) («AzerSoft»).

19 aprel 2002-ci il tarixli, 310-IIQD nömrəli; 3 dekabr 2002-ci il tarixli,  388-IIQD nömrəli qanunlara əsasən dəyişikliklər və əlavələrlə («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb