Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

«Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 7 dekabr 1999-cu il

¹ 768-IQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (13 yanvar 2000-ci il, ¹ 8) («AzerSoft»).

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 yanvar 2000-ci il, ¹ 1, maddə 12).

15 noyabr 2001-ci il tarixli, 214-IIQD nömrəli; 23 noyabr 2001-ci il tarixli, 219-IIQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli qanuna əsasən əlavələr və dəyişikliklərlə («AzerSoft»).


Azərbaycan Respublikasının
1999-cu il 7 dekabr tarixli Qanunu ilə
təsdiq edilmişdir.

«Gömrük orqanlarında xidmət haqqında» Əsasnamə

Bu Əsasnamə Azərbaycan Respublikasının gömrük orqanlarında və təşkilatlarında (bundan sonra gömrük orqanları adlanacaq) xidmətin qaydalarını və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.

I fəsil. Ümumi müddəalar

1. Gömrük orqanlarında xidmət — Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra vətəndaşlar adlanacaq) dövlət xidmətinin xüsusi növüdür.

2. Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

3. Bu Əsasnamədə gömrük orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür.

4. Gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim forması müəyyən edilir. Geyim formasını, fərqlənmə nişanlarını və onların təchizat normasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, onun daşınma qaydasını isə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir. Xüsusi geyim forması pulsuz verilir.

5. Gömrük orqanlarının vəzifəli şəxslərinə müəyyən olunmuş nümunə əsasında xidməti vəsiqələr verilir.

6. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada gömrük orqanlarının vəzifəli şəxsləri fiziki qüvvəni, xüsusi vasitələri və odlu silahı tətbiq etmək hüququna malikdirlər.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarında istifadə olunan xüsusi vasitələrin, habelə odlu silah və onlar üçün döyüş sursatlarının siyahısını müəyyən edir.

7. Gömrük orqanlarında xidmətə qəbul olunan vətəndaşlara və gömrük orqanlarının vəzifəli şəxslərinə gömrük orqanının aşağıda göstərilən xüsusi rütbələri verilir (bundan sonra xüsusi rütbə adlanacaq):

1) gömrük xidməti giziri;

2) gömrük xidməti baş giziri;

3) gömrük xidməti kiçik leytenantı;

4) gömrük xidməti leytenantı;

5) gömrük xidməti baş leytenantı;

6) gömrük xidməti kapitanı;

7) gömrük xidməti mayoru;

8) gömrük xidməti polkovnik-leytenantı;

9) gömrük xidməti polkovniki;

10) gömrük xidməti general-mayoru;

11) gömrük xidməti general-leytenantı;

12) gömrük xidməti general-polkovniki;

13) Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşavari.

8. Gömrük orqanlarının vəzifəli şəxslərinin tutduqları vəzifələr və bu vəzifələrə müvafiq xüsusi rütbələr aşağıdakılara bölünür:

1) kiçik heyət (gömrük xidməti giziri, gömrük xidməti baş giziri);

2) orta rəis heyəti (gömrük xidməti kiçik leytenantı, gömrük xidməti leytenantı, gömrük xidməti baş leytenantı, gömrük xidməti kapitanı);

3) baş rəis heyəti (gömrük xidməti mayoru, gömrük xidməti polkovnik-leytenantı, gömrük xidməti polkovniki);

4) ali rəis heyəti (gömrük xidməti general-mayoru, gömrük xidməti general-leytenantı, gömrük xidməti general-polkovniki, Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşaviri).

Gömrük orqanlarının vəzifəli şəxsləri pensiya almaq hüquqi ilə xidmətdən azad edildikdə xüsusi rütbəyə «istefada olan» sözü əlavə olunur.

II fəsil. Gömrük orqanlarında xidmətə qəbul

9. Gömrük orqanlarında xidmət qanunçuluq, humanizm, müvafiq dövlət hakimiyyəti orqanları qarşısında cavabdehlik, xidməti intizama və etikaya riayət, xidmət fəaliyyətinin nəticələrinə və ixtisasına görə xidməti irəliləyiş prinsipləri əsasında təşkil edilir.

10. Təhsil səviyyəsinə, peşəkarlığına, səhhətinə, işgüzar və mənəvi keyfiyyətlərinə görə Azərbaycan Respublikası gömrük orqanlarına həvalə edilmiş vəzifələri yerinə yetirə bilən vətəndaşlar gömrük orqanlarının vəzifəli şəxsləri ola bilərlər.

11. Vətəndaşların gömrük orqanlarında xidmətə qəbulu könüllülük prinsipi əsasında həyata keçirilir.

12. Vətəndaş gömrük orqanlarına xidmətə qəbul olunarkən aşağıdakı sənədləri təqdim edir:

1) şəxsi ərizə;

2) şəxsiyyətini təsdiq edən sənəd;

3) əmək kitabçası;

4) müvafiq təhsilə malik olmasını təsdiq edən sənəd;

5) sağlamlığının vəziyyəti haqqında tibbi arayış;

6) tərcümeyi-hal;

7) ata (ana), ər (arvad), oğul (qız), doğma qardaş (doğma bacı), yaxud himayəsində olduğu şəxslərin anadan olduğu, iş (təhsil) və yaşayış yeri haqqında məlumatlar.

13. Vətəndaşlar gömrük orqanlarında xidmətə qəbul olunarkən, bu Əsasnamənin 12-ci maddəsində nəzərdə tutulmuş sənədlər və məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılır.

14. Yoxlama nəticəsində vətəndaşın gömrük orqanlarına xidmətə qəbul olunmasına maneçilik törədən hallar müəyyən olunduqda, ona gömrük orqanlarına xidmətə qəbul olunmasından imtinanın səbəbləri barəsində bir ay müddətində yazılı formada məlumat verilir.

15. Vətəndaş aşağıdakı hallarda gömrük orqanlarında xidmətə qəbul oluna və ya xidmət edə bilməz:

1) həkim-tibb komissiyasının rəyi əsasında sağlamlığı təsdiq olunmadıqda;

2) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

3) üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə.

Bir qayda olaraq müvafiq ali təhsilə malik olmayan, habelə (ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrə xidmətə qəbul olunanlar istisna edilməklə) yaşı 30-u keçmiş vətəndaşlar gömrük orqanlarında xidmətə qəbul edilmirlər.

16. Gömrük orqanlarının vəzifəli şəxslərinin:

1) sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa;

2) gömrük məsələləri üzrə üçüncü şəxslərin müvəkkili olmağa;

3) müqavilə ilə mülki-hüquqi xarakterli gömrük işi ilə əlaqədar işləri yerinə yetirməyə;

4) öz xidməti vəziyyətindən istifadə etməklə üçüncü şəxslərə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmayan hər hansı bir yardım göstərmək və bunun müqabilində haqq, imtiyazlar və xidmətlər əldə etməyə;

5) təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsilə iştirak etməyə;

6) tətillərin təşkili və onların keçirilməsində iştirak etməyə;

7) siyasi partiyalar yaratmağa və yaxud onların işində iştirak etməyə;

8) əvəzçilik şərti ilə istənilən haqqı ödənilən işi görməyə (elmi-tədris və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur.

17. Gömrük orqanlarında vəzifəyə ilk dəfə təyin edilən şəxslər üçün daxil olduqları vəzifədən və hazırlıq səviyyələrindən asılı olaraq 6 aya qədər sınaq müddəti müəyyən edilə bilər.

18. Sınaq müddətinin müəyyən edilməsi gömrük orqanına işə qəbula dair əmrdə göstərilir. Sınaq müddəti Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən qısaldıla bilər.

19. Gömrük orqanının vəzifəli şəxsi sınaq müddətində tutduğu vəzifəyə uyğun olaraq gömrük orqanlarının vəzifəli şəxslərinə aid olan bütün hüquqlardan istifadə edir.

Sınaq müddəti gömrük orqanının vəzifəli şəxsinin gömrük orqanlarındakı xidmət stajına daxil edilir, xidmət illərinə görə əlavələrin ödənişində və pensiya təyin olunarkən nəzərə alınır.

Sınaq müddəti dövründə sınağan nəticəsi qənaətbəxş olmadıqda gömrük orqanının vəzifəli şəxsinin xidmətinə bu Əsasnaməyə uyğun olaraq xitam verilir.

20. Gömrük orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifələrə təyin olunanlara və elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilmir.

Sınağın keçirilməsi qaydası və şərtləri Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21. Gömrük orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığı, yenidən hazırlanması və ixtisaslarının artırılması Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının tədris müəssisəsində, Azərbaycan Respublikasının digər təhsil müəssisələrində, habelə xarici dövlətlərin təhsil müəssisələrində müqavilə əsasında həyata keçirilir.

III fəsil. Xüsusi rütbələrin verilmə qaydası

22. Gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr onların tutduqları vəzifəyə uyğun olaraq verilir.

Gömrük orqanlarının vəzifəli şəxslərinə verilən xüsusi rütbələr ilkin və növbətilərə bölünürlər.

23. Gömrük xidməti general-mayoru və ondan yuxarı xüsusi rütbələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Gömrük orqanlarının kiçik, orta rəis və baş rəis heyəti üçün nəzərdə tutulan xüsusi rütbələr (gömrük xidməti polkovniki xüsusi rütbəsi də daxil olmaqla) Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən verilir.

24. Gömrük orqanlarında bu Əsasnamənin qüvvəyə mindiyi günə kimi xidmət edən gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrin verilmə qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25. Gömrük orqanlarının vəzifəli şəxsinə növbəti xüsusi rütbə o, ştat üzrə tutduğu vəzifəyə görə nəzərdə tutulmuş rütbəyə uyğun olduqda və əvvəlki xüsusi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir.

26. Kiçik, orta rəis və baş rəis heyəti gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi rütbələrdə xidmət illəri aşağıdakı kimi müəyyən edilir:

gömrük xidməti kiçik leytenantı

gömrük xidməti giziri

5 il

1 il

gömrük xidməti leytenantı

2 il

gömrük xidməti baş leytenantı

2 il

gömrük xidməti kapitanı

3 il

gömrük xidməti mayoru

4 il

gömrük xidməti polkovnik-leytenantı

5 il

Gömrük xidməti baş giziri, gömrük xidməti polkovniki və daha yüksək rütbələr üçün xüsusi rütbələrdə xidmət illəri müəyyən edilmir.

27. Gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakı son yaş həddinədək xidmət edilir:

  • gömrük xidməti giziri, gömrük xidməti baş giziri, gömrük xidməti kiçik leytenantı, gömrük xidməti leytenantı, gömrük xidməti baş leytenantı, gömrük xidməti kapitanı—50 yaş;
  • gömrük xidməti mayoru, gömrük xidməti polkovnik-leytenantı—55 yaş;
  • gömrük xidməti polkovniki, gömrük xidməti general-mayoru, gömrük xidməti general-leytenantı, gömrük xidməti general-polkovniki—60 yaş.

Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşaviri, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin olunan şəxslər üçün son yaş həddi müəyyən edilməmişdir.

Gömrük orqanlarının qadın vəzifəli şəxsləri öz arzuları ilə bu maddənin birinci hissəsində nəzərdə tutulan müddətlərdən 5 il az olmaqla xidmət edə bilərlər.

28. Gömrük orqanının vəzifəli şəxsi tibb cəhətdən yararlı olduqda, bu Əsasnamənin 27-ci maddəsində göstərilən yaş hədləri Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən 5 ilə qədər müddətə artırıla bilər.

29. Xüsusi şəxsi xidmətlərinə görə gömrük orqanının vəzifəli şəxsinə növbəti xüsusi rütbə ona verilmiş xüsusi rütbə üçün müəyyən olunmuş xidmət illərinin yarısı keçdikdən sonra, lakin tutduğu vəzifəyə görə ştat üzrə nəzərdə tutulmuş xüsusi rütbədən bir pillə yüksək olmamaq şərti ilə vaxtından əvvəl verilə bilər.

Növbəti xüsusi rütbənin vaxtından əvvəl və gömrük orqanının vəzifəli şəxsinin tutduğu vəzifə üçün nəzərdə tutulan xüsusi rütbədən bir pillə yuxarı verilməsinə gömrük orqanlarında xidmət müddətində yalnız 2 dəfə yol verilə bilər.

30. Təhsil müəssisələrinin dinləyiciləri, adyunktları və doktorantları olan gömrük orqanlarının vəzifəli şəxslərinə növbəti xüsusi rütbələr onlar tədrisə başlayandan əvvəl ştat üzrə tutduqları vəzifələrə, təhsil müəssisəsini, adyunkturanı və doktoranturanı bitirdikdən sonra isə onlar ştat üzrə təyin olunduqları vəzifələrə uyğun olaraq verilir.

31. Gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbədə xidmət illəri onlara bu rütbənin verildiyi gündən başlayaraq hesablanır.

Növbəti xüsusi rütbədə xidmət illəri əvvəlki xüsusi rütbədə xidmət illəri bitdiyi gündən başlayaraq hesablanır.

32. Gömrük orqanlarının vəzifəli şəxslərinin bu Əsasnamənin 69-cu maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında aşağı salınmış xüsusi rütbədə xidmət müddəti, bərpa olunmuş xüsusi rütbədə xidmət illərinə əlavə edilmir.

Barəsində cinayət işi qaldırılan və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan gömrük orqanlarının vəzifəli şəxslərinə növbəti xüsusi rütbə müvafiq olaraq cinayət işinə bəraət qazandıran əsaslarla xitam verilənə və ya xidməti araşdırma qurtarana qədər verilmir.

33. Gömrük orqanının vəzifəli şəxsinə növbəti xüsusi rütbənin verilməsinin əsassız gecikdirilməsi müəyyən olunduqda, həmin şəxsin növbəti xüsusi rütbə alması üçün xidmət illəri onun əvvəlki xüsusi rütbədə xidmət illərinin bitdiyi vaxtdan başlayaraq hesablanır.

34. Gömrük xidməti polkovniki, gömrük xidməti polkovnik-leytenantı və gömrük xidməti mayoru, habelə gömrük xidməti kapitanı, gömrük xidməti baş leytenantı, gömrük xidməti leytenantı xüsusi rütbələri olan gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələri onlar xidməti vəzifələrini yerinə yetirərkən xidməti intizam qaydalarını pozduqlarına görə aşağı salına bilər.

35. Xüsusi rütbənin aşağı salınması haqqında qərar yol verilmiş pozuntular üzrə xidməti araşdırmanı aparmış müvafiq orqanın rəyi əsasında qəbul edilir.

36. Xüsusi rütbəsi aşağı salınmış gömrük orqanının vəzifəli şəxsinin attestasiyasının nəticələri müsbət olduqda o, ştat üzrə tutduğu vəzifədən asılı olmayaraq, öz əvvəlki xüsusi rütbəsinə bərpa olunur.

Bu maddənin birinci hissəsində göstərilmiş gömrük orqanının vəzifəli şəxsinin əvvəlki xüsusi rütbəsinə bərpası məsələsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən həll olunur.

37. İntizam tənbehi tətbiq edilmiş gömrük orqanının vəzifəli şəxsinə növbəti xüsusi rütbə, həmin şəxsin üzərindən intizam tənbehi götürülənədək verilmir.

38. Gömrük orqanlarının vəzifəli şəxsləri, habelə istefada olan vəzifəli şəxslər törətdikləri cinayətə görə ancaq məhkəmənin qərarı ilə xüsusi rütbədən məhrum edilə bilərlər.

39. Gömrük orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

40. Gömrük orqanlarının kiçik heyət, orta rəis heyəti və baş rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin siyahısı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

41. Gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrindən asılı olaraq aşağıda göstərilən miqdarda xüsusi rütbələr üzrə maaşlar müəyyən edilir:

  • Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşaviri—minimum əmək haqqı məbləğinin otuz misli miqdarında;
  • gömrük xidməti general-polkovniki—minimum əmək haqqı məbləğinin iyirmi səkkiz misli miqdarında;
  • gömrük xidməti general-leytenantı—minimum əmək haqqı məbləğinin iyirmi altı misli miqdarında;
  • gömrük xidməti general-mayoru—minimum əmək haqqı məbləğinin iyirmi dörd misli miqdarında;
  • gömrük xidməti polkovniki—minimum əmək haqqı məbləğinin iyirmi iki misli miqdarında;
  • gömrük xidməti polkovnik-leytenantı—minimum əmək haqqı məbləğinin iyirmi misli miqdarında
  • gömrük xidməti mayoru—minimum əmək haqqı məbləğinin on səkkiz misli miqdarında;
  • gömrük xidməti kapitanı—minimum əmək haqqı məbləğinin on altı misli miqdarında;
  • gömrük xidməti baş leytenantı—minimum əmək haqqı məbləğinin on dörd misli miqdarında;
  • gömrük xidməti leytenantı—minimum əmək haqqı məbləğinin on iki misli miqdarında;
  • gömrük xidməti kiçik leytenantı-minimum əmək haqqı məbləğinin on misli miqdarında;
  • gömrük xidməti baş giziri—minimum əmək haqqı məbləğinin səkkiz misli miqdarında;
  • gömrük xidməti giziri—minimum əmək haqqı məbləğinin altı misli miqdarında.

IV fəsil. Gömrük orqanlarında xidmət

42. Gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və beynəlxalq müqavilələrinə, digər normativ hüquqi aktlarına, habelə bu Əsasnaməyə uyğun olaraq öz səlahiyyətləri daxilində vəzifələr yerinə yetirir və müəyyən hüquqlardan istifadə edirlər.

43. Gömrük orqanının vəzifəli şəxsinin aşağıdakı hüquqları vardır:

  • gömrük orqanında tutduğu vəzifəyə dair hüquq və vəzifələrini müəyyən edən sənədlərlə tanış olmağa;
  • müəyyən edilmiş qaydada xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan məlumat və sənədlər almağa;
  • xidmət vəzifələrini yerinə yetirmək üçün mülkiyyət formasından asılı olmayaraq müəssisələrə getməyə;
  • xidməti vəzifələrinə uyğun olaraq qərarlar qəbul etməyə və ya onların hazırlanmasında iştirak etməyə;
  • xidmət illərinə görə, xidmətin nəticələri və ixtisasının səviyyəsi nəzərə alınmaqla, əmək haqqının artırılmasına və gömrük orqanlarında xidmət üzrə irəliləməyə;
  • şəxsi işində olan materiallarla tanış olmaq və zəruri hallarda öz izahatlarını şəxsi işə əlavə etməyə;
  • Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının saxlanılması üçün nəzərdə tutulan vəsaitlər hesabına öz ixtisasını artırmağa və təkmilləşdirməyə;
  • xidmət illəri nəzərə alınmaqla pensiya təminatına;
  • şərəf və ləyaqətini alçaldan məlumatların təkzib edilməsi üçün xidməti araşdırmaların aparılmasını tələb etməyə;
  • həmkarlar ittifaqlarına birləşməyə;
  • gömrük orqanlarının vəzifəli şəxslərinin iclaslarında iştirak etməyə;
  • Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvəni, xüsusi vasitələri və odlu silahı tətbiq etməyə.

Gömrük orqanlarının vəzifəli şəxslərinin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hüquqları da vardır.

44. Gömrük orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur:

  • Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək;
  • fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək;
  • gömrük orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamlarını yerinə yetirmək;
  • xidməti vəzifələri hududlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq;
  • gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək; dövlət sirrini və qanunla qorunan digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirkən ona məlum olmuş məlumatları açıqlamamaq.

45. Gömrük orqanının vəzifəli şəxsinin tutduğu vəzifəyə dair vəzifə borcları vəzifə təlimatları ilə müəyyən edilir.

46. Vəzifə təlimatlarının hazırlanması və təsdiq edilməsi qaydaları Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

47. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrasına həmçinin aşağıdakılar daxildir:

  • gömrük orqanlarının rəhbərləri tərəfindən təsdiq olunmuş planlara uyğun olaraq keçirilən təlimlərdə, toplanışlarda, yarışlarda və digər tədbirlərdə iştirak etmək;
  • xidmət yerinə getmək və qayıtmaq, xidməti ezamiyyətdə olmaq;
  • müalicədə olmaq, müalicə yerinə getmək və qayıtmaq;
  • xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar vətəndaşların həyat, sağlamlıq, şərəf və ləyaqətinin qorunması, habelə öz şəxsi təhlükəsizliyinin təminatı üzrə hərəkətlər.

48. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən dövlət nümayəndəsi kimi təmsil olunur və dövlətin mühafizəsi altında olurlar. Qanunla səlahiyyət verilmiş müvafiq orqanlar və vəzifəli şəxslər istisna olmaqla, onların fəaliyyətinə heç kəsin müdaxilə etmək hüququ yoxdur.

49. Gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifəyə təyin olunması zamanı onların öz əsas ixtisası, yaxud ona yaxın olan ixtisas sahəsi üzrə yenidən hazırlığı aparıla bilər.

50. Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş gömrük orqanının vəzifəli şəxsi 3 ay müddətinə, Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada əmək haqqı saxlanılmaqla həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin xəstə, növbəti və əlavə məzuniyyətlərdə olduğu müddət daxil edilmir. Müstəsna hallarda bu müddət Azərbaycan Respublikasının gömrük işini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər.

51. Gömrük orqanlarında xidmətə qəbul edilmiş vətəndaşlar ilkin xüsusi rütbəni aldıqdan sonra iki aydan gec olmayaraq Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə nəzərdə tutulan məzmunda and içirlər.

Andiçmə mərasimi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir.

52. Gömrük orqanının vəzifəli şəxsinin həmin gömrük orqanında, həmin yerdə yerləşən digər gömrük orqanına və ya digər yerə xidmətə keçirilməsinə gömrük orqanının vəzifəli şəxsinin razılığı əsasında yol verilir.

53. Gömrük orqanlarının vəzifəli şəxsləri xidmət üzrə aşağıdakı hallarda başqa işə keçirilirlər;

1) vəzifəli şəxs yüksək vəzifəyə keçirildikdə;

2) vəzifəli şəxsdən daha məqsədyönlü şəkildə istifadə etmək üçün və ya ailə vəziyyətinə, sağlamlığına və yaş həddinə görə digər vəzifəyə keçirildikdə;

3) Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının göndərişi əsasında ali məktəblərin əyani şöbələrinə qəbul olunmuş və bununla əlaqədar vəzifədən azad edilmiş şəxslər həmin tədris müəssisələrini bitirdikdən sonra başqa vəzifəyə təyin olunduqda.

54. Gömrük orqanının vəzifəli şəxsinin xidmət üzrə başqa işə keçirilməsi keçirilməyə əsas göstərilməklə əmr ilə rəsmiləşdirilir. Əmr gömrük orqanının vəzifəli şəxsinə onun imzası alınmaqla elan olunur.

55. 15 il və daha çox xidmət illəri olan gömrük orqanlarının vəzifəli şəxsləri ştatların ixtisarı və ya səhhətlərinə görə az maaşlı vəzifəyə keçirilərkən onların əvvəlki vəzifə maaşları saxlanılır.

56. Barəsində cinayət işi qaldırılan, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifədən müvəqqəti olaraq kənar edilir.

57. Vəzifədən müvəqqəti kənar edilən gömrük orqanının vəzifəli şəxsinin həmin müddət ərzində əmək haqqı saxlanılmır.

58. Gömrük orqanlarının vəzifəli şəxsləri digər hüquq-mühafizə orqanlarına xidmətə keçirilərkən onların gömrük orqanlarında xidmət illəri göstərilən orqanlarda xidmət illərinə daxil edilir və daşıdıqları rütbələr saxlanılır.

Digər hüquq-mühafizə orqanlarından gömrük orqanlarında xidmətə qəbul edilmiş vəzifəli şəxslərin həmin orqanlarda xidmət illəri və daşıdıqları rütbələr saxlanılır.

59. Gömrük orqanının vəzifəli şəxsinin və onun ailəsinin, habelə əmlakının yeni xidmət yerinə daşınması Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada gömrük orqanlarının saxlanması üçün ayrılmış vəsait hesabına həyata keçirilir.

60. Müharibə dövründə və fövqaladə vəziyyət elan olunan yerlərdə gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətlərinin xüsusiyyətləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

61. Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarına və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara ezam oluna bilərlər.

62. Gömrük orqanlarının vəzifəli şəxslərinin Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara ezam edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.

63. Təhsil müəssisələrində gömrük orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktlara müvafiq olaraq həyata keçirilir.

V fəsil. Xidməti intizam

64. Gömrük orqanlarında xidməti intizam gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən onlara havalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının və bilavasitə tabe olduqları rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir.

65. Gömrük orqanlarının nümunəvi daxili intizam qaydaları Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

66. Xidmətdə yüksək müvəffəqiyyətlərə, uzun müddət qüsursuz xidmətə və digər nailiyyətlərə görə gömrük orqanlarının vəzifəli şəxsləri barədə aşağıdakı həvəsləndirmə tədbirləri görülür:

1) təşəkkür elan edilməsi;

2) pul və ya qiymətli əşya verilməsi;

3) Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının fəxri fərmanı ilə təltif edilmə;

4) növbəti xüsusi rütbənin vaxtından əvvəl verilməsi;

5) təltif silahının verilməsi;

6) növbəti xüsusi rütbənin tutduğu vəzifə üçün nəzərdə tutulandan bir pillə yuxarı verilməsi;

7) tətbiq edilmiş intizam tənbehinin vaxtından əvvəl geri götürülməsi.

67. Təltif silahı ilə mükafatlandırma Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir.

68. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə, Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunmasında xüsusi xidmətlərinə, qaçaqmalçılığa və gömrük işi sahəsində digər cinayətlərə qarşı mübarizə, habelə sair fərqlənmələrə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim oluna bilərlər.

69. Gömrük orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər:

1) irad;

2) töhmət;

3) sonuncu xəbərdarlıqla şiddətli töhmət;

4) 6 ay müddətinə aşağı vəzifəyə keçirilmə;

5) xüsusi rütbənin bir pillə aşağı salınması;

6) gömrük orqanlarında xidmətinə xitam verilmə.

70. İntizam tənbehinin qüvvədə olduğu müddətdə gömrük orqanlarının vəzifəli şəxslərinə bu Əsasnamənin 66-cı maddəsində nəzərdə tutulan (7-ci bəndi istisna olmaqla) həvəsləndirmə tədbirləri tətbiq edilə bilməz.

71. İntizam tənbehi verilərkən gömrük orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törədildiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl gömrük orqanının vəzifəli şəxsindən yazılı izahat tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir.

Gömrük orqanının vəzifəli şəxsinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

72. İntizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan gömrük orqanının müvafiq vəzifəli şəxsinə xidməti intizamın pozulduğu məlum olduğu andan 20 gün keçənədək, xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə—müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay keçənədək verilə bilər.

73. İntizam tənbehi, intizam xətası törətmiş gömrük orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan altı ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq oluna bilməz. Gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu vaxt, habelə cinayət və ya inzibati xəta haqqında iş üzrə icraat vaxtı bu müddətə daxil edilmir.

74. İntizam tənbehinin verilməsi əmrlə rəsmiləşdirilir. Əmr, törədilmiş xətanın səbəbləri göstərilməklə tənbeh verilmiş gömrük orqanının vəzifəli şəxsinə elan olunur və bu barədə ona imza etdirilir.

75. Gömrük orqanının vəzifəli şəxsinə verilmiş intizam tənbehi, əgər altı ay müddətində ona yeni intizam tənbehi tətbiq olunmamışsa, onun üzərindən götürülür və o tənbeh almamış hesab olunur.

76. İntizam tənbehi tətbiq edilmiş gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına, habelə məhkəməyə şikayət etmək hüququna malikdirlər.

77. Həvəsləndirmə tədbirləri və intizam tənbehləri birbaşa rəislər tərəfindən onların səlahiyyətləri daxilində tətbiq olunur.

Birbaşa rəislər gömrük orqanlarının vəzifəli şəxslərinin xidmət üzrə, o cümlədən müvəqqəti olaraq tabe olduqları rəislərdir.

78. Həvəsləndirmə tədbirlərini və intizam tənbehi tətbiq etmək hüquqları olan şəxslərin siyahısı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Gömrük orqanının vəzifəli şəxsinə onun birbaşa rəisinin səlahiyyətlərinə daxil olmayan həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq etmək lazım gələrsə, bu zaman Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı qarşısında həmin rəis tərəfindən vəsatət qaldırılır.

79. Gömrük orqanlarının rəisləri həvəsləndirmə tədbirlərinin və intizam tənbehlərinin tətbiqi üzrə onlara verilmiş səlahiyyətləri aşarsa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

VI fəsil. Gömrük orqanlarında xidmətin şərtləri

80. Gömrük orqanlarının vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı şamil edilir.

81. Xidmət şəraitindən asılı olaraq gömrük orqanlarının vəzifəli şəxslərinin bəzi kateqoriyalarına qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Belə vəzifəli şəxslərin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

82. Müstəsna hallarda gömrük orqanlarının vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə nəzərdə tutulan qaydada iş vaxtından artıq işlərə, həmçinin gecə vaxtı, bayram və istirahət günlərində işə cəlb oluna bilərlər .

Belə hallarda onların əməyi Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir.

83. Gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada boş vəzifəni müvəqqəti icra etməyə görə əlavə əmək haqqının ödənilməsi hüququna malikdirlər.

84. Gömrük orqanlarının vəzifəli şəxslərinə aşağıda göstərilən məzuniyyətlər verilir:

1) hər il verilən əsas məzuniyyət;

2) əlavə məzuniyyətlər;

3) sosial məzuniyyətlər;

4) təhsil almaq və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;

5) ödənişsiz məzuniyyət;

Məzuniyyət müddəti təqvim günü ilə hesablanır.

85. Gömrük orqanlarının vəzifəli şəxslərinə Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə illik əsas məzuniyyət verilir.

86. Xidmətin birinci ili üçün gömrük orqanlarının vəzifəli şəxslərinin əsas məzuniyyət hüququ onların xidmətə daxil olduqları andan etibarən 6 ay xidmətdən sonra əmələ gəlir.

Xidmətin ikinci və sonrakı illəri üçün məzuniyyət təqvim ilinin istənilən vaxtında, məzuniyyətlərin verilməsi növbəsinə müvafiq surətdə verilə bilər.

87. Gömrük orqanlarının vəzifəli şəxslərinin keçirilmiş məzuniyyətini növbəti xidmət ili üçün verilən əsas məzuniyyətlə birləşdirmək olar.

88. Xidməti zərurətlə əlaqədar olaraq məzuniyyətdə olan gömrük orqanlarının vəzifəli şəxsi məzuniyyətdən geri çağırıla bilər. Məzuniyyətdən geriçağırma müvafiq əmrlə rəsmiləşdirilir. Belə halda məzuniyyətdən geri cağırılan vəzifəli şəxsə istifadə edilməmiş məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri verilir.

89. Gömrük orqanlarının vəzifəli şəxslərinə aşağıdakı hallarda gömrük orqanlarında xidmət illərinə görə ödənişli əlavə məzuniyyət verilir:

1) 5 ildən 10 ilədək xidmət illərinə görə —3 təqvim günü;

2) 10 ildən 15 ilədək xidmət illərinə görə —5 təqvim günü;

3) 15 ildən 20 ilədək xidmət illərinə görə — 10 təqvim günü;

4) 20 il və daha çox xidmət illərinə görə — 15 təqvim günü.

90. Gömrük orqanının vəzifəli şəxsinin arzusu ilə əlavə məzuniyyət əsas məzuniyyətlə cəmlənərək birlikdə verilə bilər.

91. Əsas məzuniyyətdən istifadə etməmiş gömrük orqanının vəzifəli şəxsinin işdən çıxması hallarından başqa, məzuniyyətin pul ilə əvəz edilməsinə yol verilmir.

92. Gömrük orqanlarının vəzifəli şəxslərinə sosial, yaradıcılıq və təhsil, habelə ödənişsiz məzuniyyətlərin verilmə qaydası və onların müddəti Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir.

93. Gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələr üzrə maaşlardan, 5 ildən artıq qüsursuz xidmətə görə, xarici dili bilməyə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir.

94. Gömrük orqanlarının vəzifəli şəxslərinə hər il onların aylıq əmək haqqının ikiqat həcmində maddi yardım göstərilə bilər.

95. Gömrük orqanlarının vəzifəli şəxslərinə gömrük sistemində qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq pul mükafatları verilə bilər.

96. Gömrük orqanlarının rəhbərləri xidmətdə fərqlənməyə, peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə görə gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına əmək haqqı fondu daxilində 50 faiz həcmində əlavələr təyin edə bilərlər.

Verilən tapşırıqların yerinə yetirilməməsi, işin keyfiyyətinin aşağı düşməsi və habelə xidməti intizamın pozulması halları zamanı bu əlavələr götürülə və ya azaldıla bilər.

97. Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı xidmətdə əldə etdikləri nailiyyətlərə görə gömrük orqanlarının vəzifəli şəxslərinə onların vəzifə maaşlarının 25 faizi həcmində əlavələr müəyyən edə bilər.

98. Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı ilə gömrük orqanlarının vəzifəli şəxslərinə növbəti olaraq verilən geyim formasının əvəzinə, onların dəyəri məbləğində pul kompensasiyasının ödənilməsinə yol verilir.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən gömrük orqanlarının vəzifəli şəxsləri ərzaq payı ilə təmin olunurlar. Ərzaq payının norması və ya o, natural şəkildə verilmədiyi halda dəyərinin pul kompensasiyasının həcmi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

99. Gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda xidmət illərinə görə aşağıda göstərilən miqdarda əlavələr müəyyən edilir:

1) 5 ildən 10 ilədək — minimum əmək haqqı məbləğinin on iki misli miqdarında;

2) 10 ildən 15 ildək —minimum əmək haqqı məbləğinin on altı misli miqdarında;

3) 15 ildən 20 ilədək — minimum əmək haqqı məbləğinin on səkkiz misli miqdarında;

4) 20 ildən 25 ilədək — minimum əmək haqqı məbləğinin iyirmi misli miqdarında;

5) 25 ildən yuxarı — minimum əmək haqqı məbləğinin iyirmi beş misli miqdarında.

100. Xidmət illərinə görə əlavələrin verilmə qaydası Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

101. Gömrük orqanlarının vəzifəli şəxslərinin sosial-məişət və tibbi təminatı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının vəsaiti hesabına həyata keçirilir.

102. Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar, həmçinin gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailələrinə tibb müəssisələrində tibbi komissiyalar tərəfindən tibbi xidmətin göstərilməsi kompensasiya əsasında həyata keçirilir və çəkilən xərclər Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən ödənilir.

103. Gömrük orqanlarının vəzifəli şəxslərinin dövlət tərəfindən icbarı şəxsi sığortalanması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

104. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar gömrük orqanının vəzifəli şəxsi həlak olduqda, habelə sonrakı peşə fəaliyyəti ilə məşğul olmaq imkanından məhrum edən bədən xəsarəti və digər bədən xəsarəti aldıqda, əmlakına zərər vurulduqda ona birdəfəlik müavinətin verilməsi və maddi zərərin ödənilməsi Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir.

105. Ali məktəblərin axşam və qiyabi şöbələrində təhsilini davam etdirən gömrük orqanlarının vəzifəli şəxslərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada güzəştlər verilir.

106. Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailə üzvlərinin gömrük orqanlarının tibb müəssisələrində, eləcə də Azərbaycan Respublikasının digər hüquq-mühafizə orqanlarının tibb müəssisələrində Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, gömrük sisteminin müvafiq fondunun vəsaitləri hesabına tibbi təminat almaq hüquqları vardır.

107. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmət etdikləri və ya yaşadıqları yerlərdə Azərbaycan Respublikasının gömrük sisteminin tibb müəssisələri olmadığı hallarda onlara və onların ailələrinə dövlət tibb müəssisələrində tibbi yardım göstərilir.

108. Müalicəyə sərf olunan vəsaitlər səhiyyə müəssisələrinə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının vəsaiti hesabına ödənilir.

109. Gömrük orqanının vəzifəli şəxsinə sanatoriya-kurort yollayışının qiymətinin 75 faizi, onun hər bir ailə üzvü üçün isə yollayışın qiymətinin 50 faizinə qədər məbləğdə pul kompensasiyası ödənilir.

Gömrük orqanının vəzifəli şəxsinə hər il məzuniyyətə çıxdığı zaman minimum əmək haqqının on misli miqdarında, arvadına (ərinə) və hər bir həddi-büluğa çatmamış ailə üzvlərinə isə minimum əmək haqqının beş misli miqdarında pul kompensasiyası ödənilir.

110. Gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquq-mühafizə orqanları üçün nəzərdə tutulmuş qaydada mənzillə, habelə müraciət etdikdə mənzil telefonu ilə təmin olunurlar.

111. Gömrük orqanlarının vəzifəli şəxslərinin öz xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar əldə etdikləri gəlirlərdən gəlir vergilərinin tutulması hüquq-mühafizə orqanları üçün müəyyən edilən şərtlərlə və qaydalarla həyata keçirilir.

112. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəsiqələrini təqdim etməklə Azərbaycan Respublikasının bütün ərazisində şəhərdaxili, şəhərətrafı nəqliyyat vasitələrindən (taksi istisna olmaqla) pulsuz istifadə etmək hüququna malikdirlər.

113. Gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailə üzvlərinin pensiya təminatının təşkili Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti tərəfindən həyata keçirilir.

VII fəsil. Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyası

114. Kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədi ilə gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyası keçirilir.

Atestasiya zamanı hər bir gömrük orqanının vəzifəli şəxsinin işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərmək üçün namizədlərin ehtiyatı aşkar edilir.

Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi qaydası Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.

115. Yalnız müvafiq vəzifələrdə azı bir il çalışan gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyası keçirilə bilər.

Hər bir gömrük orqanının vəzifəli şəxsinin üç ildə bir dəfədən çox olmayaraq attestasiyası keçirilə bilər.

116. Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi üçün Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının nəzdində attestasiya komissiyası yaradılır. Attestasiya komissiyasının tərkibi və səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.

Attestasiya komissiyası öz fəaliyyətini bu Əsasnaməyə və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan attestasiya komissiyası haqqında Əsasnaməyə uyğun olaraq təşkil edir.

117. Attestasiya komissiyası kollegial orqandır. O, azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır.

118. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır.

119. Attestasiya komissiyası bütün baxılan məsələlər üzrə əsaslandırılmış qərar qəbul edir və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təsdiqinə təqdim edir.

Attestasiya komissiyası gömrük orqanının vəzifəli şəxsinin tutduğu vəzifəyə uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı, attestasiya komissiyası bu qərarında gömrük orqanının vəzifəli şəxsinin başqa vəzifədə istifadə edilməsinin məqsədə müvafiqliyi barədə tövsiya verə bilər.

VIII fəsil. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar